“ASAN xidmət”dən bizə qələbə yaşadanlar üçün xüsusi xidmət

  • 19:20 - 15 Yanvar

“ASAN xidmət” mərkəzlərində ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananlar və şəhid ailələrinin üzvləri üçün xüsusi xidmət təşkil edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Avropa.info-ya bildiriblər ki, həmin xüsusi xidmət vasitəsilə müvafiq kateqoriyadan olan şəxslər xidmətlərdən növbə gözləmədən yararlana bilərlər. Göstərilən xidmətlər yaralananların və şəhidlərin (vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və bununla bağlı olan digər sənədləşmə işləri daxil olmaqla) yalnız özləri ilə bağlı olan müvafiq işlərə şamil edilir.

Məqsəd canı-qanı bahasına bizə qələbə yaşadanlara xüsusi qayğının təmin edilməsi, onların daim xalqımızın diqqət mərkəzində olduqlarını göstərməkdir.

Bir ay ərzində bu istiqamətdə 101 yaralananın və 135 şəhid ailəsi üzvünün ümumilikdə 236 müraciəti təmin edilib.

“ASAN xidmət” kollektivi ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyir.


Oxunma sayı: 1816

Oxşar yazılar