Trampdan yeni açıqlama: "Mənim tərəfdarlarım bunu etməz" – ABŞ prezidenti impiçment barədə nə dedi?

  • 11:13 - 14 Yanvar

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Konqresə basqınla əlaqədar verdiyi açıqlamada tərəfdarlarının təhlükəsizlik qüvvələrinə hücum etməyəcəklərini və belə bir hərəkət edilə bilməyəcəyini söyləyib.

Avropa.info xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Ağ Evdə lentə aldığı video mesaj Ağ Evin rəsmi "Twitter" hesabında yayımlanıb.

"Keçən həftə gördüklərimizi qətiyyətlə qınayıram. Şiddət və vandalizmin ölkəmizdə və hərəkətimizdə yeri yoxdur" deyən Trump, 6 yanvarda Konqresə basqını "dəhşətli hadisələr" adlandırıb. 

Onu dəstəkləyən insanların hər zaman təhlükəsizlik qüvvələrinə və ölkə ənənələrinə hörmət etdiklərini vurğulayan Tramp, "Mənim həqiqi tərəfdarlarımın heç biri siyasi iğtişaşın yanında ola bilməz və təhlükəsizlik güclərinə hörmətsizlik etməz. Ölkəmizin dəyərlərinə hücum etsəniz, buna dözməyəcəyik", - deyə bildirib.

Kovid-19 epidemiyası və küçə iğtişaşları səbəbiylə ABŞ-ın çətin bir il keçirdiyini qeyd edən Tramp, "Küçə iğtişaşları dərhal dayanmalıdır. İstər sağçı, istərsə solçu, Demokrat və ya Respublikaçı olsanız, iğtişaş üçün bir bəhanə və istisna ola bilməz. Amerika bir dövlətdir. Keçən həftə iğtişaş törədənlər  ədalət mühakiməsinə çıxarılacaq", deyib. 

Tramp, yeni etirazların ehtimallarına qarşı təmkinli olmağa çağırıb: "Bizə inanan hər kəsdən gərginliyi azaltmaq üçün yollar axtarmalarını xahiş edirəm. Biz hər hansı şəkildə iğtişaş, qanunsuz hərəkət və vandalizm istəmirik. Hər kəs qanunlarımıza və təhlükəsizlik qüvvələrinin təlimatlarına əməl etməlidir".

Co Baydenin andiçmə mərasimindən əvvəl paytaxt Vaşinqtonda asayişi qorumaq üçün federal fondları səfərbər etdiyini xatırladan Tramp hökümətin rahat və etibarlı bir şəkildə keçid etməsi üçün Vaşinqtona minlərlə Milli Qvardiya qüvvələrinin gətirildiyini söyləyib.

Tramp bir çox sosial media platformasında hesablarına girişin qadağan olunmasına da toxunub: "İfadə azadlığımız son günlərdə görünməmiş bir hücum altındadır. Bu çətin günlərdə vətəndaşlarımızı senzuraya və qara siyahıya salmaq səhv və təhlükəlidir. Bir-birimizi dərhal dinləməliyik. bir-birinizi susdurmamalıyıq".

Müraciətinin sonunda bütün Amerika xalqını "birləşməyə" çağıran Trampın Nümayəndələr Palatasında ona qarşı impiçment qərarının təsdiqlənməsinə münasibət bildirməməsi diqqət çəkib.


Oxunma sayı: 2564

Oxşar yazılar