"Təhlükəsizlik Şurasının iclasında Qasparyan Paşinyana yalvardı ki, uduzmuşuq, təslim olaq" - Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri

  • 14:04 - 12 Yanvar

Azərbaycanın qələbəsi ilə bitən İkinci Qarabağ savaşı zamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini icra edən Mikael Ambarsumyan baş nazir Nikol Paşinyanı ittiham edib.

Avropa.info xəbər verir ki, erməni telekanallarından birinə danışan Mikael Ambarsumyan baş nazir Paşinyanı "müharibəni vaxtında dayandırmamaqda" ittiham edib.

Mikael Ambarsumyan deyib ki, oktyabrın 19-da Təhlükəsizlik Şurasının iclasında Ermənistan ordusunun baş qərargah rəisi Onik Qasparyan müharibədə uduzduqlarını və savaşın mümkün qədər tez dayandırmağın vacib olduğunu məruzə edib. 

"Mən özüm cəbhədəki vəziyyət, itkilərimiz və daxili siyasi vəziyyət barədə baş nazirə hər saat məlumat verirdim. Təhlükəsizlik Şurasının iclası 18 və ya 19 oktyabr tarixlərində baş tutdu, bu zaman baş qərargah rəisi vəziyyəti, perspektivi və məğlubiyyətə getməyimizi ətraflı izah etdi və müharibənin təcili dayandırılmalı olduğunu dedi. Yaddaşım məni aldatmırsa müdafiə naziri Tonoyan da eyni fikirdə idi. İclasda müxalifətdən Arman Abovyan və Edmon Marukyan iştirak edirdilər. Ancaq müharibəni dayandırmaq üçün bir qərar verilmədi. 

Sonra Rusiya Federasiyasının prezidenti Putinin sözlərindən belə məlum oldu ki, 19 oktyabrda Rusiya Federasiyası rəhbərliyi tərəfindən belə bir təklif edilib. Nə edəcəyiniz barədə konkret təkliflər olub. Yəni əslində Lavrovun planı həyata keçirilməli idi. Rusiyanın təklifləri niyə müzakirə olunmayıb, deyə bilmərəm. Bu təkliflər Təhlükəsizlik Şurasının iclaslarında və ya ictimaiyyətdə təqdim edilməyib",deyə Mikael Ambarsumyan bildirib.

Xatırladaq ki, Qarabağda müharibə başlayan günü Onik Qasparyan Azərbaycana qarşı təkəbbürlü bəyanatlarla çıxış etmişdi. Lakin, cəmi bir neçə gün ərzində Rəşadətli Azərbaycan Ordusu Qasparyanın rəhbərlik etdiyi erməni tör-töküntülərini elə şəkildə əzdi ki... İndi bu açıqlamalardan məlum olur ki, müharibənin əvvəlində təkübbürlü bəyanatlarla çıxış edən Qasparyan Paşinyana müharibəni dayandırmaq üçün yalvarırmış. 

Avropa.info


Oxunma sayı: 10594

Oxşar yazılar