Yeni il şənliklərinə qadağa – Sərt karantin rejiminin tətbiqinə başlanıldı

  • 10:45 - 16 Dekabr

Şimali Kipr Türk Cumhuriyyətinin Səhiyyə Nazirliyi Yoluxucu Xəstəliklər Komitəsinin son toplantısında ölkədə karantin rejiminin sərtləşdirilməsi istiqamətində alınan qərarların icrasına başlayıb.

Avropa.info xəbər verir ki, həmin qərarlara əsasən Şimali Kiprdə dekabrın 15-dən 25-nə kimi küçə və meydanlarda Yeni il keçirilməsi qadağan olunur, ölkəyə girişdə karantin müddəti 10 günə qədər uzadılır, Cənubi Kipr ərazisinə keçid bağlanır, bar, klub və digər bu kimi əyləncə yerləri fəaliyyətini dayandırır.

Səhiyyə Nazirliyindən məsələ ilə bağlı verilən açıqlamada bildirilir ki, daha öncə ölkə girişində tətbiq olunan 7 günlük karantin müddəti 10 günə qədər artırılıb, xaricdən ölkəyə gələn şəxslər son 3 gün ərzində verilmiş test nəticəsinə əsasən 10 gün karantində saxlandıqdan sonra ölkə ərazisinə buraxılacaq. Eyni zamanda, alınan qərarlarla ölkəyə çarter reysləri, şəxsi təyyarə və gəmi yolu ilə 3 gün və daha qısa müddətli karantinsiz səfərlər də yasaqlanır. Lakin buraya təhsil və səhiyyə məqsədli gediş-gəliş daxil deyil.

Xəbərə görə, kafe və restoranlar isə sosial məsafə və gigiyena gözlənilməklə fəaliyyətini davam etdirə biləcək.

Yeni il şənliklərinə gəlincə, küçə və meydanlarda belə şənliklərin yanvarın 1-nə kimi keçirilməməsinə qərar verilib.

Xəbərdə o da bildirilir ki, dekabrın 24-də Yoluxucu Xəstəliklər Komitəsi yenidən toplanaraq nəticələrə əsasən dəyərləndirmə aparacaq.


Oxunma sayı: 3664

Oxşar yazılar