Nazirlikdə şöbə müdiri vəzifəsindən Vətən üçün savaşa gedən ELNUR QAZİ - Azər Hüseynovun yazısı (FOTOLAR)

  • 14:01 - 06 Dekabr

Qazi və şəhidlər ölkəsinin sakinləri olmaq bir şərəfdir. Bu ölkədə qazi və ya şəhid dostu, yoldaşı olmaq da da bir başqa şərəfdir. Sizə bir qazidən, sakit, amma qəhrəman bir Azərbaycan oğlundan söz etmək istəyirəm. İllər öncə bir yerdə ali məktəbdə təhsil aldığım dəyərli insan Elnur Bayramovdan. 

Elnur bütün tələbə yoldaşlarımızın yadında sakit, mərifətli, gülərüz bir oğlan kimi qalıbdır. Hətta yadımdadır futbola böyük həvəsi olan bir balaca çevrənin mehriban bir üzvü idi. Bakı Dövlət Universitetinin tarix fakultəsinin 2000-ci il buraxılışlarından kimdən Elnur soruşsanız ancaq və ancaq müsbət emosiyalar ifadə edəcəkdir. Təhsilini bitirdikdən sonra bu dostum dövlət orqanlarında əmək failiyyətinə başlamış, məsuliyyətli və ləyaqətli bir vətəndaş ömrünü davam etdirmişdir. Həqiqi hərbi xidmətini də ləyaqətlə ehtiyata buraxılan bir zabit kimi bitirmişdi. Elnur da hamı kimi normal həyatını yaşamaqda idi. Bu normal gedişi düşmənin xəyanəti və xəbis əməlləri pozdu. İyun hadisələri baş verdi, Ermənistan zülm və cinayət dövləti Polad Həşimovu şəhid etdi. Daha sonra isə öz havadarlarına güvənərək təcüvüzü artırmaq istədi. 

Avropa.info xəbər verir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Antiinhisar ve istehlak bazarına nəzarət dövlət xidmətində şöbə müdiri olan Elnuru bir vicdanlı və qeyrətli vətəndaş kimi bu olaylar narahat edirdi. 27 sentyabr düşmən azğınlaşdı və Vətən Müharibəsi başlandı. Bundan üç gün sonra mənim bu igid tələbə yoldaşım artıq Azərbaycanın müzəffər ordusunun sıralarında idi. Fizuli, Cəbayıl və Xocavənddə qəhrəmanlıq dastanları yazan Elnur qardaşımın arzusu Şuşaya bayraq sancanlardan olmaq idi. 

 

Ancaq Şuşaya 15 kilometr qalmış, Qırmızı Bazarda düşmənlə rəşadətli savaşda minamyot qəlpələri ilə ayağından yaralandı. Bir neçə dəfə əməliyyat keçirdi. Hazırda növbəti əməliyyat sonrası müalicə alır. Evdə onu Naib və Nihad adlı iki igid gözləyir. Onunla fəxr edirlər. Çünki o, çox danışan, özünü vəsf edən, tərif edənlərdən deyil, o SAKİT, LAKİN QƏLBİ ASLAN OLAN QƏHRƏMANLARDANDIR. Elnur qazidir! Elnur qazilərin qanları ilə suvarılan torpaqlar artıq bir ovuc alsan şəhid və qazi qanları ilə bərəkətlənibdir. Allah səni və sənin kimi igidləri qorusun ELNUR QAZİ!

Avropa.info yazarı Azər Hüseynov 


Oxunma sayı: 32264

Oxşar yazılar