Deputat Rasim Musabəyovun anti-türk açıqlaması etirazlara səbəb oldu - "Başa düşmürəm, necə belə bir müsahibə verə bilərdi"

  • 15:31 - 04 Dekabr

Milli Məclisin İntizam Komissiyası millət vəkili Rasim Musabəyovun Rusiyanın "NTV" telekanalına qalmaqallı müsahibəsinə münasibət bildirib.

Xatırladaq ki, sözügedən müsahibədə Rasim Musabəyov türk sülhməramlılarının Dağlıq Qarabağda olmasına qarşı çıxış edərək, bunun bölgədəki təhlükəsizliyə zərər verə biləcəyini qeyd edib. Həmin açıqlama ictimai narazılığa səbəb olub və sosial şəbəkə istifadəçiləri kütləvi şəkildə millət vəkilini Azərbaycanın milli maraqlarına xəyanət etməkdə günahlandırıblar.

Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov jurnalistlərə Rasim Musabəyovun ifadələrinin ona peşmanlıq hissi keçirtdiyini bildirib və sözlərinə xüsusi əhəmiyyət verməməyə çağırıb.

“O deputatdır. Düşündüklərini söyləyir. Heç nə onun sözlərindən asılı deyil. Təəssüf edirəm ki, o, belə bir düşüncə səsləndirib. Türk sülhməramlıları gəlməlidir. Bu qərar artıq verilib. Gələcəkdə Rusiya və Türkiyə sülhməramlıları bölgədəki sülhün qorunmasını birlikdə izləyəcəklər. Rasim Musabəyov təcrübəli bir siyasətçidir. Başa düşmürəm, necə belə bir müsahibə verə bilərdi”, - Eldar İbrahimov deyib.

Onu da xatırladaq ki, bu,  deputat Rasim Musabəyvun açıqlamalarının Azərbaycan cəmiyyətində çoxsaylı narazılığa səbəb olduğu ilk hadisə deyil. Bundan əvvəl Rasim Musabəyov yeraltı keçiddə popkorn sataraq pul qazanmağa çalışan yeniyetməyə qarşı çıxışı ilə yadda qalmışdı. Deputat dövlət orqanlarına oğlanın küçə ticarəti etməsinin qadağan edilməsi tələbi ilə müraciət etdi və bu da bütün sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olmuşdu.


Oxunma sayı: 6821

Oxşar yazılar