İmişlidə koronavirus infeksiyasına qarşı növbəti reyd keçirilib - Foto

  • 22:20 - 28 Noyabr

İmişlidə koronavirus infeksiyasına qarşı reydlər mütəmadi olaraq davam etdirilməkdədir.

RİH-dən Avropa.info-ya verilən məlumata görə, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul etdiyi qərarlar, verdiyi tapşırıq və tövsiyələr İmişli rayonunda da ardıcıl yerinə yetirilir. Belə ki, bu gün rayon İcra Hakimiyyəti başçısı Elçin Rzayevin və rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının birgə iştirakı ilə rayon ərazisində yerləşən ticarət, ictimai-iaşə, məişət və digər növ xidmət obyektlərində növbəti dəfə reyd keçirilib.   

Reyd zamanı diqqətə çatdırılıb ki, koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə hər bir hərəkət iştirakçısı sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə etməlidir. Eyni zamanda hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır. Reyd zamanı üzərində maskası olmayan sakinlərə maskalar paylanılmış, maskadan düzgün istifadə etməyən, polis gördükdə dərhal “maskam var” deyən şəxslərə koronavirus infeksiyasının fəsadları izah olunmuş və mövcud qaydalara əməl etməyən şəxslər barəsində yerində protokollar tərtib edilmişdir.  

Qeyd edək ki, İmişli rayonunda sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və profilaktik tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.


Oxunma sayı: 5061

Oxşar yazılar