Hikmət Hacıyev: "Ermənistan tərəfindən Tərtərə qarşı genosid siyasəti həyata keçirilib"

  • 14:57 - 28 Noyabr

“Tərtər hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalan Azərbaycan şəhərindən biridir. Elə günlər olurdu ki, gündəlik əsasda Tərtər şəhərinə 2 300 – 2 400-dən artıq mərmi düşürdü”.

Bunu bu gün diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Tərtərə səfəri zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri tərəfindən məqsədyönlü şəkildə Tərtər şəhərinin bombardmanı həyata keçirilirdi: “Bunun da nəticəsində mülki insanlar arasında çoxlu sayda ölən və yaralananlar olmuşdu. Bu məqsədlə də Ermənistan silahlı qüvvələri tərəfindən kassetli “Smerç” raketləri də daxil olmaqla, bütün növ artilleriyadan istifadə olunurdu. Prezident İlham Əliyev tərəfindən Tərtər şəhəri İkinci Dünya müharibəsindəki Stalinqrad şəhəri ilə müqayisə olunub”.

Hacıyev bildirib ki, artıq beynəlxalq münasibətlərdə şəhərlərə qarşı istifadə edilən bu kimi əməllər urbisid, yəni genosidin şəhərlərə qarşı istifadə olunması termini ilə izah olunur: “Tərtər şəhəri də bunun bariz nümunəsidir. Ermənistan tərəfindən şəhərə qarşı genosid siyasəti həyata keçirirdi”.


Oxunma sayı: 3675

Oxşar yazılar