Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edildi – Foto

  • 13:31 - 27 Noyabr

Azərbaycanla Qətər arasında iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri müzakirə edilib.

İqtisadiyyat Nazirliyindən Avropa.info-ya verilən məlumata əsasən, nazir Mikayıl Cabbarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.

Görüşdə Azərbaycan və Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğu, qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Qətər Dövlətinin Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini dəstəkləməsi ölkəmizdə yüksək qiymətləndirilir.

İqtisadiyyat naziri vurğulayıb ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq uğurla inkişaf edir, 2020-ci ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsində artım müşahidə olunub.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib, Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın əlaqələrin genişləndirilməsində rolunun gücləndirilməsi vurğulanıb, Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa və birgə layihələrin həyata keçirilməsində iştiraka dəvət edilib.

Qətər səfiri ölkəmizdə fəaliyyətindən məmnunluğunu bildirib, qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, ölkələrimiz arasında əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.


Oxunma sayı: 4588

Oxşar yazılar