Qəhrəmanın son döyüşü və əbədi rahatlığı: Şəhid qardaşın döyüşçü qardaşa son vəsiyyəti – Foto

  • 12:15 - 27 Noyabr

Bu yol yollardan ən uzunu idi. Tez-tez də olmasa, ildə azı bir dəfə getdiyim bu yolda sanki bu dəfə həyat da, hərəkət də dayanmışdı. Sonra uzaqdan görünən bir məzarlıq, elə məzarlığın özü kimi uzaqdan görünən bayraq. Nə qəribədir ki, onun daimi məkanı olmayan evinə daimi məkanı olan məzarlıqdan keçib getmək lazım gəlirdi. Ora təkcə məzarlıq deyildi, Vətənin bir parçası idi, onun azadlığı uğrunda canından keçən şəhidləri ilə qürrələnən torpaq idi, şəhid məzarında dalğalanan bayrağı da o şəhidlərin ruhu ilə daha da əzəmətli görünürdü.

Şəhidin əbədi evinə onun xatirəsini yad etmək üçün getmək belə asan deyil. Məzarlıq yolu yollardan həm ən uzunudur, həm də ən qısası.

Əgər orda doğma insanın varsa- mütləq ki, hər kəsin bir doğmasının olduğu məzarlıq var- yol qısalar, çünki ora can atarsan. Orda, doğmasının məzarı başında qısa müddət də olsa, insanın ruhu rahatlıq tapır. Amma əgər orda həm doğman, həm də Vətən torpağının azadlığı uğrunda canını fəda etmiş bir övlad uyuyursa, o zaman get-get bitməz.

Və… Əgər orda, o bayrağın altındakı məzarın başında gözlərinin içinə baxmağa belə çəkindiyin bir xanım da görsən, o zaman o yolun get-get bitməməsini istərsən. Orda- o müqəddəs məzarın başında o xanıma deyə biləcəyin söz onun yaşlı, amma qürurlu gözlərinin dərinliyində itər.

Nədənsə mənə elə gəlir ki, şəhidlər kimi onların bizə əmanətləri də gözləriylə danışır…

Sənan Ələsgərzadə Şəkinin Əliyar kəndində 1995-ci il oktyabrın 10-da dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib. Lənkəranda hərbi xidmətdən sonra evə qayıtmadan müddədən artıq hərbi xidmətə yazılıb. Beləcə, gələcəkdə Vətənin azadlığı üçün başlayacaq müqəddəs müharibədə şəhidlik zirvəsinə gedən yol başlayıb. Sonra Daxili Qoşunlar, daha sonra Xüsusi Təyinatlılar. Döyüş yoldaşları deyir ki, Sənan çox yaxşı döyüşçü olub, məhz buna görə də xüsusi təyinatlı birləşməyə göndərilib. Bu xüsusiyyətləri nəzərə alınaraq ən ağır döyüşlərdə olub, çox sayda yaralını döyüş meydanından çıxarıb, çox düşməndən illərin qisasını alıb. Belə ağır döyüşlərdən birində Füzulidə şəhid olub.

Həm də elə bir zamanda ki, kiçik qardaşı Elmaz Ələsgərzadə də Murovda döyüşürdü. Ailəsi iki oğuldan qələbə müjdəsi gözləyirdi. Elmaz deyir ki, qardaşının şəhid olması xəbərini də Murovda ona veriblər. Sənanın şəhidliyinin 4-cü günündə ailəyə dəstək olmaq üçün Elmazı hərbi hissədən kəndə göndəriblər.

Elmaz qardaşı ilə son söhbətini xatırlayır. Səsində kədər qarışıq qürur var. “Qardaşım həmişə deyirdi ki, kaş ki, müharibə ola, Qarabağ məsələsi birdəfəlik həll oluna. Sanki özünü müharibəyə tam hazır bilirdi. Zarafatla deyirdi ki, bu qədər təlim, hazırlıq boşa getsin? Çox düşmən öldürüb, çox yaxşı döyüşçü idi, çox yaralını döyüş meydanından çıxarıb, xəbəri eşidəndə mən də müharibəyədim” sözlərini elə deyir ki, sanki “Niyə o?” deyə soruşur. Zatən müharibə şahidlərinin müharibə şəhidləriylə bağlı ən çox dediyi söz budur: “Niyə mən yox, o?”

…Ələsgərzadə ailəsinin evindən bir neçə metr aralıda bir ev var. Gəlin yolu gözləyən bu ev artıq şəhid evidir.

“Sənan o evi özü tikdirib, nişanlı idi, evində mebelə qədər hər şey var, qızıllarını da almışdıq. Hər şeyi hazır idi. Araya karantin düşdü, toyu saxladıq. Ana-atam israr edirdi ki, nikah kəsdirib gəlini evinə gətirək. Hər şey hazır idi, pərdələrinə, mebelinə qədər var. Amma Sənan razı olmadı, dedi ki, tələsməyək, pandemiya bitsin, dədə-baba qaydasıyla toy edərik. Sanki ürəyinə nəsə dammışdı”,-deyir Elmaz.

Son döyüşdən əvvəl də qardaşı və anası ilə telefonla danışanda Sənan “Şəhid olsam, evimi qardaşıma halal edirəm”,-deyib. Qardaşının ata-anasının yaxınında, onlara hayan olmasını istəyib, ya da kiçik qardaşının ev tikdirmək kimi çətin bir yükdən xilas etmək… Niyəsini özü bilirdi…

Sənanın bir evin hallığını verdiyi bu torpağın üstündə gəzən hər kəs indi ondan-Azərbaycanın bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidindən halallıq istəyir…

Elnarə Əlosmanqızı


Oxunma sayı: 9538

Oxşar yazılar