“Ciddiyə alınmayacaq qədər gülünc, qərəzli və əlaqəsizdir” – Türkiyə XİN-dən Fransa Senatının qərarına etiraz

  • 13:09 - 26 Noyabr

“Fransa Senatının Azərbaycana işğaldan azad etdiyi öz torpaqlarından çıxması çağırışını etməsi ciddiyə alınmayacaq qədər gülünc, qərəzli və əlaqəsiz anlayışın təzahürüdür”.

Avropa.info xəbər verir ki, bu haqda Fransa Senatının Azərbaycanla bağlı çıxardığı qərara Türkiyə XİN-nin etiraz bəyanatında deyilir.

Nazirlik tərəfindən verilən yazılı bəyanatda qərarın daxili siyasət mülahizələri naminə beynəlxalq hüquqa, qanunun aliliyinə və ədalətin ən əsas prinsiplərinə məhəl qoyulmamasının nümunəsi olduğu vurğulanıb.

“Fransa Senatının bu qərarı tərəfsizliyi tələb olunan ATƏT-in Minsk Qrupunun apardığı fəaliyyətlərin bu günə qədər problemin həllinə niyə kömək etmədiyini, necə tərəfli mövqe tutduğunu açıqlayan açıq nümunədir” – bəyanatda deyilir.

Ermənistanın əvvəlcə Tovuzda, daha sonra Dağlıq Qarabağda nümayiş etdirdiyi təcavüz və təxribatlara qarşı Azərbaycanın lazımi cavabı verdiyini vurğulayan açıqlamada Azərbaycanın 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etdiyi xatırladılıb.

Bəyanatda"Azərbaycanın döyüş meydanında qazandığı nəticələr əslində Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrində və Fransanın həmsədr olduğu Minsk Qrupunun prinsiplərində əks olunan, lakin həyata keçirilməyən hüquqların həlli ilə öz əksini tapıb. Çünki BMT-nin müvafiq qətnamələrində ermənilərin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur”, deyilir.

Bəyanatda Fransanın Türkiyənin regionda artan gücü ilə bağlı bu ölkənin əsassız iradlarının təəccüblü olmadığı qeyd olunur.


Oxunma sayı: 3301

Oxşar yazılar