Tramp FTB-yə yalan ifadə verən generalı əfv etdi

  • 11:22 - 26 Noyabr

ABŞ prezidenti Donald Tramp keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinnin əfv edilməsi haqqında sərəncam imzalayıb.

Avropa.info xəbər verir ki, Flinn 2016-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində Rusiyanın müdaxiləsini araşdırarkən FTB agentlərinə yalan ifadə verməkdə özünü günahkar saymışdı.

İstefada olan general Flinn 2017-ci ildə Federal İstintaq Bürosunun agentlərinə yalan ifadə verməkdə günahkar olduğunu etiraf etmişdi.

O vaxtdan etibarən Flinn öz günahını etiraf etməkdən imtina etməyə çalışır, prokurorluğun onun hüquqlarını pozduğunu və aldatma yolu ilə günahını etiraf etməsi barədə müqavilə bağladığını iddia edirdi. Flinn haqda hökm bir neçə dəfə təxirə salınıb.

"General Maykl Flinnin tamamilə əfv olunduğunu elan etmək mənim üçün böyük şərəfdir. Flinn və onun gözəl ailəsini təbrik edirik. Əminəm ki, indi siz həqiqətən fantastik Şükran Gününü qeyd edəcəksiniz" - Tramp Şükran Gününün qeyd edilməsi ərəfəsində öz “Twitter” səhifəsində yazıb.

Prezident vəzifəyə başladığı gündən etibarən bir neçə nəfəri, o cümlədən Əfqanıstanda hərbi cinayətlərdə ittiham olunan hərbçiləri və qanunsuz immiqrasiyaya qarşı son dərəcə sərt mübarizənin tərəfdarlarından olan arizonalı keçmiş şerif Co Arpayonu əfv edib.


Oxunma sayı: 3136

Oxşar yazılar