"Erməni soyğuncular Ağdam məscidində mal-qara və donuz saxlayıblar" - "The Associated Press" 27 il işğalda olmuş Ağdamı “Qafqazın Hiroşiması” adlandırdı

  • 19:47 - 21 Noyabr

"The Associated Press" agentliyi Ağdam rayonun geri alınması ilə bağlı məqalə hazırlayıb.
Agentlik bildirir ki, bir vaxtlar rayonun eyni adlı mərkəzi şəhərində 50 min nəfər yaşayırdı.

Materialda həmçinin qeyd edilir ki, Ağdam şəhərdəki evlərin ağ rəngə boyanması ilə tanınırdı. Şəhərdə 3 mərtəbəli məşhur çay evi vardı. İndi “Qafqazın Hiroşiması” adlandırılan ruhlar şəhəri Ağdamda həmin o çay evinin xarabalıqları qalıb.

Agentlik qeyd edir ki, 1993-cü ildə baş verən ağır döyüşlərdən sonra əhali şəhəri tərk etməli oldu. Qənimət və inşaat materialları axtaran erməni soyğunçuları şəhərə axışdı. Ağdamın məşhur çörək muzeyinin yerində indi xarabalıq qalıb. Şəhərdə salamat qalan yeganə bina məsciddir...

"The Associated Press" bildirir ki, ermənilərin nəzarətində olan məscid uzun illər ərzində tövlə kimi istifadə olunub, orada mal-qara və donuz saxlanılıb. Bu isə azərbaycanlıları dəhşətli dərəcədə qəzəbləndirib. İndi mal-qara məsciddən qovulub, divarlara vurulmuş ornamentlər sökülüb tökülmüş məsciddə əsgərlər və din adamları təmizlik işi apardıqdan sonra ibadət ediblər.

Agentlik bildirir ki, Ağdam məşhur Qarabağ atları ilə şöhrət tapıb. Qarabağ atları simvollaşmış milli heyvan qismində tanınır. Qeyd edir ki, Qarabağ savaşında ilk qurbanları da Ağdam verib.
Agentlik xatırladır ki, 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamenti Sovet Ermənistanına birləşməklə bağlı müraciət hazırlayıb. İki gün sonra isə bir qrup qəzəbli şəxs Ağdamdan Stepanakertə yola düşüb. Etirazçılar yolda polis və etnik erməni kəndliləri ilə qarşılaşıblar. Ağdamlılardan iki nəfər güllələnərək öldürülüb.

Onların ölüm xəbəri Ağdamda hiddətlə qarşılanıb. Kütlə silahlanaraq Stepanakertə tərəf yola düşüb. Ancaq bir yerli qadın maşının üstünə çıxaraq, öz örpəyini onların qarşısına atıb. Yerli ənənəyə görə, yerə atılmış qadın örpəyindən sonra kişilər geri çəkilməli olublar. Bu dramatik hadisə haqqında o vaxt Sovet İttifaqının ən məşhur şairi Yevgeni Yevtuşenko şer yazmışdı. Şair öz hərəkəti ilə silahlı kişilərin qarşısını kəsən qadının bu hərəkətini “xeyirxahlığın ağlasığmaz möhtəşəmliyi” kimi parlaq ifadələrlə vəsf etmişdi.

Elbəyi Həsənli, Sürix, musavat.com


Oxunma sayı: 2476

Oxşar yazılar