TANAP Türkiyə iqtisadiyyatına 2,5 mlrd dollardan çox əlavə dəyər yaradıb

  • 18:22 - 20 Noyabr

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) təbii qazın kommersiya nəqlinə başladığı 30 iyun 2018-ci ildən bu günə qədər Türkiyəyə 7,5 milyard kubmetr təbii qaz tədarük edib.

Bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol Türkiyə mətbuatına bildirib.

Onun sözlərinə görə, layihənin investisiya dövrü ərzində TANAP-ın Türkiyədə çalışdığı şirkətlərə müxtəlif xidmətlər üçün 4,5 milyard ABŞ dolları ödənilib: “Həmin şirkətlərin bizə təmin etdikləri mal və xidmətlərdə yerli şirkətlərin 54 % səviyyəsində olduğunu nəzərə alsaq, bu, Türkiyə iqtisadiyyatına 2,5 milyard ABŞ dollarından çox əlavə dəyər yaratdığımızı deyə bilərik”.

O bildirib ki, TANAP Türkiyədə təkcə polad boru istehsalı sənayesinə 1 milyard ABŞ dollarından çox iş həcmi yaradılıb: “Layihəmiz fəaliyyəti dövründə də ölkə iqtisadiyyatına böyük töhfə verməyə davam edəcək. 2022-ci ildən boru kəməri tam gücü ilə işlədikdən sonra, hər il 1,5 milyard ABŞ dollarından çox tranzit gəliri əldə ediləcək. Bu gəlirdən layihəmizdə 30 % səhmə paya sahib olan Türkiyənin “Boru Hatları İle Petrol Taşıma Anonim Şirkəti” (BOTAŞ) illik 500 milyon ABŞ dollardan çox gəlir əldə edəcək.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.(report)


Oxunma sayı: 2894

Oxşar yazılar