86 əsgərlə döyüşlərə qatılan Qədirli kəndinin asfalt yolu yoxdur – Tanınmış jurnalist icra başçısına müraciət etdi

  • 10:42 - 16 Noyabr

Jurnalist-publisist Nəzirməmməd Zöhrablı Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova müraciət edib.

Avropa.info həmin müraciətin mətnini təqdim edir:

Masallı rayon icra hakimiyyətinin başçısı, cənab Şahin Məmmədova

Hörmətli Şahin müəllim!

Sizlərə də aydındı ki, yol çəkmək, körpü salmaq kimsəsizə əl tutmaqdan da çox vacib və savab əməl sayılır. Mənim və bir sıra ziyalıların doğulub-ərsəyə çatdığı, indiki dönəmdə sizin rəhbərlik etdiyiniz Masallı rayonundakı Qədirli kəndinin bu mənada heç zaman bəxti gətirməyib. İstər SSRİ dövründə, istərsə də müstəqil Azərbaycan Respublikasında yaşadığımız 30 ilə yaxın bir zaman kəsiyində Masallı rayonuna rəhbərlik edən şəxslər bu 5 kilometrlik yolun çəkilişini müxtəlif bəhanələrlə daim arxa planda saxlayıblar. Yalnız bir neçə dəfə yola daş-çınqıl tökmək və malalatmaqla əslində bu problemi ört-basdır etməklə məşğul olublar. Hər il və ya hər seçkidə əhaliyə vəd versələr də, sonradan bu vədlərinə xilaf çıxıblar. Yəqin artıq məlumatlısınız ki, bu kəndin əhalisi həmin yolu qət etmək - rayon mərkəzinə gedib-gəlmək, xəstələrini xəstəxanaya çatdırmaq üçün olmazın əzablara düçar olur. Rayon mərkəzindən, eləcə də ətraf kəndlərdən Qədirliyə gələn maşınlarsa insanları ikiqat qiymətə mənzil başına çatdırırlar, hansı ki, bu qədər məsrəflə rayondan paytaxt Bakıya gəlmək mümkündür. 

Hörmətli Şahin müəllim!

Sirr deyil ki, ölkəmizdə aparılan quruculuq işləri Masallının da inkişafında xüsusi rol oynamışdır. “Regionların İnkişafına Dövlət Dəstəyi” proqramı çərçivəsində rayon mərkəzi və kəndlər xeyli abadlaşdırılmış, qazlaşdırılmış, yollar çəkilmiş, bütövlükdə infrastruktur yenilənmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının apardığı səmərəli iqtisadi inkişaf zəminində hətta vaxtilə xəyallarımızda yaşayan Ələt-Astara yolu ən yüksək konfortla inşa olunaraq qısa zamanda insanların ixtiyarına verilmişdir. Lakin XXI əsrdə kimlərinsə laqeydliyi, kimlərinsə yersiz hikkəsi səbəbindən bütöv bir kəndin əhalisi acınacaqlı durumda - bu mədəniyyət, informasiya əsrinin adına yaraşmayan palçıqlı yollarla hərəkət etməkdədirlər. Hətta onların bir qisminin çətinliklə aldığı avtomobillər belə bu çala-çuxur yollara davam gətirməyib tez bir zamanda sıradan çıxır. Amma belə çətinliklərlə yaşayan Qədirli kəndinin gəncləri dövlət başçısının “Qarabağ Azərbaycandır!” çağırışına bir çoxu könüllü olmaqla 86 döyüşçü ilə dəstək verib, Vətən uğrunda aparılan döyüşlərdə iştirak edib. Bu döyüşçülərdən yeddi nəfəri yaralanıb nisbətən sağaldıqdan sonra yenidən döyüşlərə qatılmış və ölkəmizin Qarabağdakı parlaq qələbəsinə öz töhfələrini vermişlər. Mən özüm Birinci Qarabağ Savaşının döyüşçüləri - əslən İsmayıllı rayonundan olan itkin-şəhid Xəqani Əkbərov haqqında“Gözlər yoldan yığılarmı...”və Azərbaycanın Milli Qəhrəmanı, xocalılı şəhid Füzuli Rüstəmov haqqında “İgid ömrü” kitabların müəllifiyəm. Biz ziyalılar gözəl anlayırıq ki, “elin o başı-bu başı olmur”. Bu, bizlərə babalarımızdan qalan əmanət zərb-məsəllərdəndir. Qarabağ zəfərində Ali Baş Komandanın rəhbərliyi altında aparılan haqq cavaşımızda və qazanılan qələbəyə sevincimizdə yaranan böyük həmrəylik bu fikrin həqiqət olduğunu, xalqımızın təhtəlşüurunda yaşadığını bir daha isbatlamış oldu. Mən düşünürəm ki, siz də bizim kimi Vətənimizin hər qarışının, bütün bölgələrinin qorunmasında və abadlaşmasında və əgər dəqiq məlumatlısınızsa, Qədirli kənd camaatının və buraya müxtəlif tədbirlərə, eləcə də xeyir-şər mərasimlərinə təşrif buyuran qonaqların çəkdiyi əziyyətlərin və rayona başıaşağılıq gətirən geridəqalmışlığın da aradan qaldırılmasında maraqlısınız. Ona görə də əminəm ki, bu problemin həllini tapmasına öz töhfənizi vermiş olacaqsınız. 

Hörmətli Şahin müəllim!

Siz də bilirsiniz ki, YOL ən böyük mədəniyyət hesab olunur. Yol başlamaq, cığır açmaq xalqımızın tarixində ən savab əməllərdən sayılır. Son günlərdə - hələ müharibə başa çatmamış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının göstərişi əsasında Tərtərin işğaldan azad olunmuş Talış kəndinə yol çəkilişlərinin başlanması bu işin Azərbaycan xalqının yaddaş xəzinəsində əhəmiyyətli bir nüans kimi qorunub saxlandığını ortaya qoymuş oldu. Qədirli kəndinin yolunu asvaltlatdırmaqla siz də bir yaşayış məntəqəsinin, bir kəndin əhalisinin illərlə həllini gözləyən qayğılarını qarşılamış olarsınız. Bu isə orada yaşayan insanların dövlət rəhbərliyinə və şəxsən sizə ən böyük minnətdarlığı, duaçı olması ilə nəticələnər. Qarabağımız uğrunda döyüşüb sağlamlığını qismən itirmiş qədirlili gənclərinsə yəqin ki, müasir tipli yolu olan bir məkanda yaşamağa daha çox haqları çatır. Xahiş edirəm, özünüzdən əvvəlki rayon rəhbərləri və icra hakimiyyətinin yerli təmsilçilərindən fərqli olaraq məhz siz bu xeyirxah missiyanı yerinə yetirəsiniz. 

Sizə əvvəlcədən təşəkkür edərək bu yolda uğurlar diləmək arzusu ilə 

Hörmətlə: Nəzirməmməd Zöhrablı (Nəzirməmməd Cankişi oğlu Quliyev)
jurnalist-publisist

16.11.2020


Oxunma sayı: 3422

Oxşar yazılar