Avtomobil bazarında qiymətlər necədir? - ARAŞDIRMA

  • 11:27 - 08 Noyabr

2020-ci ildə pandemiyadan ən çox təsirlənən, eyni zamanda, ani dəyişikliklərin baş verdiyi sektorlardan biri də avtomobil bazarıdır. 2020-ci ilin əvvəli ilə müqayisədə son həftələrdə mövcud bazarda qiymətlərin artımı müşahidə olunur.

2020-ci ilin ilk üç rübündə Avropada avtomobil bazarında aktivlik dərəcəsi 29 faiz azalsa da, oktyabr ayında bu bazarda 1,2 faizlik artım qeydə alınıb. Maraqlı olan fakt isə satılan hər beş avtomobildən birinin elektrik mühərrikli avtomobillərin payına düşməsidir. Mövcud bazarda elektrik mühərrikli avtomobillərin ümumi qeydiyyat sayı dizel avtomobillərinin qeydiyyat sayından daha çoxdur. Bu isə Avropada inqilab hesab edilə bilər. Çünki beş il əvvəl Avropada dizel avtomobillər üstünlük təşkil edirdi. Hazırda isə dizel mühərrikli avtomobillərin bazar payı rekord səviyyədə aşağı düşüb və 24,8 faiz təşkil edib. 

Bütün bu proseslər fonunda nəhəng avtomobil şirkətləri istehsal həcmini azaldıb. Bunun nəticəsində bazarda çeşid müxtəlifliyi də azalıb. Eləcə də pandemiya ilə əlaqədar gəlirlərin aşağı düşməsi fonunda yeni modellərin qiyməti bazar üçün həddən artıq baha hesab edilir.  

İkinci əl avtomobil bazarında vəziyyət qənaətbəxşdir... Nisbətən.

Yeni model avtomobil bazarında çeşidliliyin olmaması, eləcə də yeni avtomobil modellərinin pandemiyadan yaranan səbəblərdən dolayı büdcəni üstələməsi və digər məsələlər ikinci əl avtomobil bazarını daha aktiv edir.

Lakin istənilən halda həm yeni, həm də işlənmiş avtomobillərin satış həcmi azalıb. Bu xüsusilə də tədarükçü bazarda problemlərlə əlaqələndirilir. Bununla bərabər, yeni problemlər üzə çıxır. Hazırda dünya bazarında ikinci əl avtomobillərin qiymətləri artmaqda davam edir. Səbəb isə təlabatın çox olması, yeni avtomobil tədarükçüsü şirkətlərin isə istehsalı azaltmasıdır.

Eləcə də, pandemiyadan irəli gələn səbəblərdən dolayı insanlar arasında yolsuzluq avtomobilləri daha çox rəğbət qazanıb. Buna görə də qiymətlərdə bir neçə min dollar artım baş verib. Hazırda pandemiyaya görə ictimai nəqliyyatdan az istifadə olunur və şəhər mərkəzlərindən uzaqlaşmaq istəyən ailələr sedandan çox yolsuzluq avtomobillərinə üstünlük verir. Buna görə də mövcud artım qeydə alınır.

Uzun sözün qısası, yeni avtomobil bazarı əlçatmaz olduğundan alıcılar istifadə olunmuş avtomobillərə üz tutur. Lakin avtomobil tədqiqat mərkəzi olan “Edmund”un icraçı direktoru Cessika Caldvel 2021-ci ildə istifadə olunmuş avtomobil qiymətlərinin bir qədər enəcəyini proqnozlaşdırır.

Azərbaycanda avtomobil bazarına təkcə pandemiya təsir etmir...

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Oxu.Az-a açıqlamasında bildirib ki, qeyd etdiyimiz bazarda proseslər azalan dinamika ilə davam edir. Səbəb isə təkcə pandemiya deyil:

“Pandemiyanın birinci dalğasından sonra bazarda müəyyən aktivlik müşahidə olunurdu. Sadəcə döyüş əməliyyatlarının başlaması bazarda vəziyyəti bir qədər dəyişdi. Hazırda alqı-satqı əməliyyatlarının sayı azalıb. Bazara müraciət edənlərin sayı azalıb”.

Ölkədə avtomobil bazarında qiymətlər hansı yerdədir?

R.Osmanlının sözlərinə görə, bazar üzrə əməliyyatların kəskin şəkildə azalması prosesi getsə də, qiymətlər hələ ki, sabitdir. Prosesin isə hazırda nə qədər davam edəcəyi məlum deyil. 

Azərbaycanda pandemiya ikinci əl avtobobil bazarında qiymətlərə təsir edib?

“Əslində pandemiyadan sonra tədricən bu proses ölkəmizdə də müşahidə olunurdu. Az da olsa qiymətlərdə artım hiss etmək mümkün idi. Lakin daha sonra döyüş əməliyyatlarının başlaması Azərbaycanda avtomobilə olan marağın xeyli dərəcədə azalmasına gətirib çıxardı.  

Digər tərəfdən, bir çox xarici ölkələrdə avtomobilləşmə səviyyəsi Azərbaycanla müqayisədə yüksəkdir. Azərbaycanda adambaşına düşən avtomobil sayı ilə Avropa ölkələrindəki rəqəmlər arasında kəskin fərqlər var. Azərbaycanda ümumi avtomobil sayı 1 milyon yarımdır. Bunun da müəyyən bir hissəsini, təqribən, 15 faizini ictimai nəqliyyatda olan avtomobillər, xüsusi təyinatlı avtonəqliyyat vasitələri və yük avtomobilləri tutur. Azərbaycanda avtomobilləşmə prosesinin daha sürətlə inkişaf edəcəyi gözlənilən idi. Prosesin bu şəkildə davam etməsi avtomobilləşmənin dayanmasına gətirib çıxardı. Lakin gələcək dövrdə Azərbaycanda da  avtomobilləşmə səviyyəsinin artımı ehtimal olunur”, - R.Osmanlı deyir.

İkinci əl avtomobil bazarında ötən ilə nisbətən cüzi də olsa artım müşahidə olunub. 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricidən 38 min 632 ədəd avtomobil idxal edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz çoxdur. Avtomobil idxalının ümumi dəyəri isə 462,7 milyon ABŞ dolları həcmində olub.

Eləcə də, müvafiq dövrdə idxal edilən daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 3 min 678 ədəd, yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı isə 142 ədəd olub. (oxu.az)


Oxunma sayı: 15005

Oxşar yazılar