Qarabağda Vətən Müharibəsi, Qələbə və İdeologiya - Azər Hüseynovun yazısı

  • 14:44 - 01 Noyabr

Tarixi günlərdəyik. Allahın izni ilə Azərbaycan ordusu tarixi torpaqlarımızı işğaldan azad edir. Apardığımız bu savaşda bizimlə olub bizi dəstəkləyənlər və eyni zamanda bizə qarşı olanlar vardır. İnşaAllah Vətən Müharibəsi Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsi ilə nəticələnəcəkdir. Bu müharibədən sonra cəmiyyət olaraq, fərdlər olaraq, dövlət olaraq yenidən baxacağımız bir çox məsələlər olacaqdır. Məsələn, dövlət başçısının bildirdiyi kimi biz silahlanmamıza yenidən baxacağıq. Bizə nəyin lazım olub olmadığını dəyərləndirəcəyik. 

Bununla yanaşı bir sıra məqamlar vardır ki, Milli Qayıdış üçün onlara yenidən baxmalıyıq. Yuxarıda yazdığım kimi bu müharibədə bəziləri bizi dəstəklədi, bəziləri isə mənfur düşmənlə bərabər bizə qarşı bu və ya digər şəkildə savaş açdılar. Öz yalançı mediaları ilə, siyasətçiləri ilə və s. Bizi Türkiyə dəstəklədi. Nə üçün və hansı motivlərlə? Bəziləri deyə bilər ki, Türkiyənin bir dövlət olaraq maraqları vardır. Bu maraqlar onu Cənubi Qafqazda daha dərin qalmağa vadar edir. Bu arqumentdə də həqiqət payı ola bilər. Bu da təbiidir. Bizim də marağımızdadır ki, Türkiyə bölgədə söz sahibi olsun. Nə üçün? Çünki gələn il Qars müqaviləsinin vaxtı bitir. Rusiyanın düşmən ölkədə hələ də bazaları vardır. Mən isə diqqətimizi başqa məsələyə çəkmək istəyirəm. Türkiyə ilə bizi bağlayan ideoloji bağlar hansıdır?

Türkiyə ilə bizi birləşdirən dil və din birliyi vardır. Türkiyəni, daha doğrusu Səlcuqlunu, Osmanlını quran türkmən boyları ilk öncə Azərbaycanı vətən etmişlər. Sonra qərbə doğru gedərək dövlət qurmuşlar. İrqçiliyə, şovinizmə varmadan, Azərbaycandakı bütün xalqları bir şəmsiyyədə tutaraq türklük elementinin bizi birləşdirən amillərdən biri olduğunu vurğulamaq lazımdır. Amma! Türklük elementi 1991-2002-ci illər arasında Azərbaycana real və ciddi dəstəyə özü-özlüyündə səbəb ola bilmədi. Deməli türkçülük özlüyündə bizi tam və sıx birləşdirə bilmədi. Ən azı siyasət müstəvisində. 2002-ci ildən sonra Türkiyədə hakimiyyətə islami çalarları olan bir partiya gəldi. Hər nə qədər onun islami əsasları müzakirə mövzusu olsa da, bu partiyanın rəhbərləri öz ölkələrində bir islami davadan çıxmışdılar. İslama və müsəlmanlara sevgiləri vardı. Bosniyadan Fələstinə, Azərbaycana qədər müsəlman coğrafiyasının dərdini dilə gətirirdilər. Azərbaycanla əməkdaşlıq bu illərdən yeni xətt alır. Türkiyə möhkəmləndikcə, Azərbaycanla arasını vura biləcək maneləri yavaş-yavaş aradan qaldırdıqca bu günkü mənzərə yaranır. Türkiyə bütün resursları ilə Azərbaycanın yanındadır. Nə üçün? Bu sualı avropalılara verin. Onların nəzərində Ərdoğan yeni Osmanlı sultanıdır. Necə düşünürlər düşünsünlər. Bizi bu bağlamaz. 

Türkiyə bizi "bir millət iki dövlət" konsepsiyası ilə yanaşı, ümumümmət problemləri aspektindən də dəstəkləyir. Bu gün bizi bütün resursları ilə dəstəkləyən Türkiyə Qafqazdakı Azərbaycanın, Yaxın Şərqdəki Suriyanın, Afrikadakı Liviyanın problemlərini ideoloji olaraq ümmət aspektindən dəyərləndirir. Məncə bu bizi də düşündürməlidir. Xüsusi ilə, ara-sıra Qərbdəki liberal ideoloqların təsiri ilə sağa-sola danışanları. Demokratiya qəhrəmanlarını. Haradadadır onlar? Ağızlarına su alıb durublar. Çünki onlar üçün Qarabağ dərd deyildir. Onlar demokratiya adı altında bura gələrək bizim min ilimizi yıxmaq istəyirlər. Amma bizi bu gün dəstəkləyən Türkiyə isə məhz onların daş-qalaq etdiyi dəyərlər əsasında fəaliyyətini qurduğunu bəyan edir. İllərlə mediamıza sızan ateistlər belə islami çalarların Azərbaycan əsgərinə güc verdiyini etiraf etmək məcburiyyətindədirlər. Mən onları da acizlikləri səbəbi ilə təbrik edirəm. Pakistan da bizim yanımızdadır. Bütün geosiyasi, iqtisadi, hərbi və digər amilləri tez-tez dilə gətirənlərə deyirik ki, Pakistan məhz müsəlman olduğumuz üçün yanımızdadır. Hə, müsəlman ola-ola və ya ən azı buna iddialı ola-ola bizim yanımızda olmayanlar vardır. Onlar zatən beş yüz il ümmətin yanında olmadılar ki. Digərləri isə XX əsrin 40-cı illərindən solçu-sosialist çuxura düşüblər. 

Vətən Müharibəsi inşaAllah qələbə ilə bitəcəkdir. Ondan sonra biz ideyalogiyanın önəminə vurğu etməliyik.

Azər Hüseynov, Avropa.info


Oxunma sayı: 39920

Oxşar yazılar