“Ermənistan “Smerç” kasetli raketlərini Qarabağa göndərməyə son qoymalıdır” – "Human Rights Watch"dan sərt xəbərdarlıq

  • 11:26 - 31 Oktyabr

Ermənistan silahlı qüvvələri Bərdə şəhərinə (oktyabrın 28-də, Bakıdan 230 km qərbdə) hücum zamanı qadağan edilmiş kasetli döyüş sursatlarından və ən az bir ədəd uzaq məsafəli raketdən istifadə edib. Nəticədə 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.

Avropa.info xəbər verir ki, bu barədə Human Rights Watch-un bəyanatında deyilir. 

Kasetli döyüş sursatlarının qalıqlarının təhlili göstərib ki, bu, kasetli döyüş sursatı olan “Smerç” raketi və qəlpəli raket idi. Ermənistan Silahlı Qüvvələrinin “Smerç” raket qurğuları var, Dağlıq Qarabağdakı erməni qüvvələrin isə yoxdur. Deməli, atəş Ermənistan Silahlı Qüvvələri tərəfindən həyata keçirilib və ya bu döyüş sursatları Dağlıq Qarabağ qüvvələrinə göndərilib.

“Ermənistan kasetli döyüş sursatlarından istifadəyə və ya onların Dağlıq Qarabağ qüvvələrinə göndərilməsinə dərhal son qoymalıdır,” bəyanatda qeyd edilib.

“Bütün ölkələr Dağlıq Qarabağ uğrunda müharibədə kasetli döyüş sursatlarından istifadəni pisləməli və münaqişə tərəflərini onlardan istifadəyə son qoymağa çağırmalıdır,” -HRW-nin eksperti Belkis Ville bildirib.

HRW döyüş sursatlarının düşdüyü yerdən video və fotogörüntüləri tədqiq edib və mərmilərin düşdüyü yerlərdən birinin Bərdənin ən böyük xəstəxanalarından olan Bərdə Mərkəzi Xəstəxanasından 100 metr məsafədə olub.

Fotoşəkillərdə “Smerç” kasetli döyüş sursatının başlığı və partlamamış 9H235 döyüş sursatlarının hissələri görünür. Onlarda paraşütlü başlıqları olan başqa tipli “Smerç” raketinin qalıqları da görünür.

Kasetli döyüş sursatları mülki əhali üçün təhlükəli olduğuna görə beynəlxalq müqavilə ilə qadağan edilib. Adətən onlar havada partlayır və futbol meydançası ölçüsündə əraziyə onlarla, hətta yüzlərlə kiçik bomba atır.

2008-ci il tarixli kasetli döyüş sursatları ilə bağlı Konvensiya kasetli döyüş sursatlarını tamamilə qadağan edir və onların zərərsizləşdirilməsini və qurbanlara yardım göstərilməsini tələb edir. Nə Ermənistan, nə də Azərbaycan müqavilə iştirakçısı olan 110 dövlət sırasına daxil deyil.

Müharibə qanunları münaqişə tərəflərinin hərbi əməliyyatlar zamanı mülki əhalini qorumaq üçün daim ehtiyatlı olmasını və mülki əhali arasında təsadüfi itkiləri və mülki obyektlərə dəyən ziyanı aradan qaldırmaq və ya minimuma endirmək üçün “bütün mümkün ehtiyat tədbirlərini görməsini” tələb edir.

“Ermənistan da, Azərbaycan da dərhal kasetli döyüş sursatlarından istifadəyə son qoymalı, onların ehtiyatlarını məhv etməli və kasetli döyüş sursatları ilə bağlı Konvensiyaya qoşulmalıdır,” -Ville bildirib.


Oxunma sayı: 2740

Oxşar yazılar