Özbəkistan portalları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən yazırlar

  • 10:21 - 31 Oktyabr

Özbəkistanın “interpress.uz” və “daryo.uz” portalları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı özbək və rus dillərində materiallar dərc edib.

Avropa.info xəbər verir ki, “interpress.uz” portalı Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi ilə əlaqədar məqalə verib. Görüşdə Azərbaycan Prezidenti bildirib ki, əgər Ermənistan öz xoşu ilə işğal edilmiş torpaqlardan çıxmasa, onları oradan da qovacağıq.

Dövlət başçısı deyib: “Artıq bir aydır ki, müharibə gedir. Bizim xalqımız üçün bu, Vətən müharibəsidir. Biz torpaqlarımızı işğalçılardan azad edirik. Bu, beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır”.

Ermənistanın qədim Bərdə şəhərini atəşə tutmasından danışan dövlət başçısı bildirib ki, döyüş meydanında qabağımızda dura bilməyən Ermənistan belə əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək.

“daryo.uz” portalı isə yazır ki, Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərman imzalayıb. Bildirilir ki, Fərmana əsasən, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılacaq. Müvəqqəti komendantlıqlar öz fəaliyyətini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə əlaqələndirəcəklər.


Oxunma sayı: 2278

Oxşar yazılar