Eldar Namazov: “Artıq 5+2 formulu yox, 7+5 formulu gündəmə gəlir”

  • 10:16 - 31 Oktyabr

İndi 5+2 formulu yox, 7+5 formulu gündəmə gəlir. Yəni həm Dağlıq Qarabağın ətrafındakı 7 işğal olunmuş rayonlar Azərbaycan torpaqlarıdır, eyni zamanda Dağlıq Qarabağ özü də Azərbaycan torpağıdır. Artıq biz Qarabağı aran və dağlıq hissəyə bölmürük, Qarabağ Azərbaycan torpağıdır və bütün Qarabağın hər bir şəhərində və kəndində Azərbaycan bayrağı dalğalanmalıdır.

Avropa.info xəbər verir ki, bu sözləri Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov “Yeni Müsavat”a müsahibəsində deyib. 

O qeyd edib ki, bütün dövlətlər, beynəlxalq ictimaiyyət indi yeni yaranmış status-kvonu nəzərə almağa məcburdur:

"Putinin də mövqeyi elə oldu, hətta İran prezidentinin səlahiyyətli nümayəndəsi bu hadisələrlə bağlı bəyanat verdi. Onun açdığı plan faktiki olaraq Azərbaycan torpaqlarının hamısının işğaldan azad olunmasını nəzərdə tutur. Ermənilərə də bunun əvəzində hansısa böyük güzəştlər də təklif olunmur. Yəni bütün dövlətlər, beynəlxalq ictimaiyyət indi yeni yaranmış status-kvonu nəzərə almağa məcburdur. Azərbaycan Prezidenti dediyi kimi, status-kvo dəyişdi. İndi reallıqlar dəyişib. Əgər əvvəllər Dağlıq Qarabağın ətrafında işğal olunmuş rayonların azad  olunması müqabilində bizdən çox böyük güzəştlər tələb edilirdisə, indi artıq biz o torpaqları azad etmişik".

E.Namazov bildirib ki, hərbi diplomatiya anlayışı var və bu amil beynəlxalq münasibətlərdə çox böyük rol oynayır: 

"Bu mənada hesab edirəm ki, Azərbaycanın ən güclü diplomatları - təbii ki, Prezidenti çıxmaq şərtilə - korpus komandirləri və xüsusi təyinatlı qüvvələrin komandanları, bizim generallarımızdır ki, o torpaqları azad edirlər. Onlar artıq həm Azərbaycan diplomatiyası, həm vasitəçilər, beynəlxalq vasitəçilər üçün yeni diplomatik status-kvo cızırlar. Hamı da yeni status-kvonu qəbul etməyə, nəzərə almağa məcburdur". 


Oxunma sayı: 5347

Oxşar yazılar