Ağ Ev atəşkəslə bağlı Azərbaycanı təbrik etdi

  • 11:36 - 26 Oktyabr

ABŞ administrasiyası Azərbaycan və Ermənistan hakimiyyətini humanitar atəşkəs razılaşmasına nail olmaları münasibətilə təbrik edib.  

Avropa.info xəbər verir ki, müvafiq açıqlama ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O'Brayenin "Twitter" səhifəsində yayımlanıb. 

O, şənbə günü Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Zoqrab Mnatsakanyan ilə görüşlərin keçirildiyini, həmçinin Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışıqları aparıldığını xatırladıb. 

"Mən bütün tərəfləri bu gün atəşkəs razılaşmasına nail olmaları münasibətilə təbrik edirəm. Bu, hər iki tərəfin həyatını xilas etməyə kömək edəcək" - deyə O'Brayen qeyd edib. 

Onun sözlərinə görə, danışıqlarda ABŞ dövlət katibi Maykl Pompeo və onun birinci müavini Stiven Biqen mühüm rol oynayıblar. 

Qeyd edək ki, bazar günü Dövlət Departamenti ABŞ, Ermənistan və Azərbaycanın birgə bəyanatını yayıb. Bəyanatda qeyd olunur ki, tərəflər "oktyabrın 10-də Moskvada razılaşdırılmış humanitar atəşkəsin yerinə yetirilməsinə və riayət edilməsinə" bağlılıqlarını təsdiqləyirlər. Atəşkəs oktyabrın 26-də yerli vaxtla saat 08: 00-da qüvvəyə minib. 


Oxunma sayı: 1486

Oxşar yazılar