Kəlbəcərin mövcud yataqlarının ehtiyatları yenidən öyrəniləcək

  • 12:06 - 24 Oktyabr

Kəlbəcər rayonu yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan ərazilərdən biridir. Ötən əsrin 50-ci illərindən başlayaraq burada aparılmış geoloji kəşfiyyat işləri nəticəsində çoxsaylı faydalı qazıntı yataqları aşkarlanmış, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilmişdi.

Avropa.info bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyevin dediyinə görə, 1993-cü ilədək Kəlbəcər rayonunda təsdiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları-130 ton qızıl, 190,33 ton gümüş, 45,82 ton tellur, 248,89 ton selen, 939 ton civə, 10 927 min m3 mişar daşı, 1 312 min m3 gil, 2 540 min m3 qum-çınqıl, 5189,6 ton əlvan daş, gündəlik ehtiyatı 3093 m3 /gün mineral su, 12 428 min m3 tikinti daşı, 1 901 min m3 üzlük daşı və 4 473 min m3 sement xammalı mövcud olub:

"Kəlbəcər rayonu işğal edildikdən sonra buradakı faydalı qazıntı yataqlarının real vəziyyəti haqqında dəqiq məlumatlar əldə etmək mümkün olmayıb. Lakin Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin aerofotoşəkillərinə istinadən deyə bilərik ki, erməni işğalçıları tərəfindən bu yataqlar istismar edilib".

Ə.Əliyev qeyd edib ki, işğaldan azad olunacaq ərazilərdəki, o cümlədən Kəlbəcər rayonundakı mövcud yataqların ehtiyatları yenidən öyrəniləcək və qiymətləndirmə həyata keçiriləcək.


Oxunma sayı: 3928

Oxşar yazılar