Prezident İlham Əliyev: Əlbəttə ki, sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək

  • 20:45 - 22 Oktyabr

Əlbəttə ki, sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görməyi ümid edirəm. İndi məsələn, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq səviyyəsi çox yüksəkdir. Biz strateji tərəfdaşıq və bizim Gürcüstanın hazırkı hökuməti ilə mükəmməl əlaqələrimiz var. Biz bir-birimizi dəstəkləyirik, biz yaxşı qonşu və dostuq. Baxın, biz birlikdə nə qədər layihə icra etmişik, neftin nəqli, qazın nəqli, elektrik enerjisinin nəqli, dəmir yolu bağlantısı, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və bir çox başqa layihələr.

Avropa.info xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bildirib.

Dövlətimizin başçısı xatırladıb ki, 1990-cı illərin ortalarında, boru kəmərinin tikintisi məsələsi müzakirə olunanda Qərbdən bu boru kəmərinin Ermənistandan keçməsi ilə bağlı bəzi təkliflər var idi. Lakin belə olan halda Ermənistan əraziləri boşaltmalı idi və belə olduqda boru kəməri Azərbaycandan Ermənistana, sonra Naxçıvana və oradan Türkiyəyə keçə bilərdi.

“Bu, ən qısa marşrut idi. Xəritəyə baxsanız, siz boru kəmərinin keçdiyi marşrutu görəcəksiniz. Ermənistandan yan keçmək üçün o, bu cür çəkilib. Lakin ermənilər düşünürdü ki, biz bu boru kəmərini inşa edə bilməyəcəyik. Ona görə onlar yox dedilər. Hesab edirəm ki, indi onlar buna çox peşmandırlar. İşğala görə onlar dalana dirəniblər. Onlar hesab edirdilər ki, biz boru kəmərlərini, dəmir yollarını inşa edə bilməyəcəyik. Onlar həmişə Qars-Gümrü dəmir yolunun istismarını dəstəkləyirdilər. Bu dəmir yolu mövcud idi, lakin Ermənistanın işğalına görə bizim qardaş Türkiyə onu bağlamışdır. Beləliklə, əslində, Ermənistanın dənizə çıxışı var, lakin Azərbaycana qarşı təcavüzə və Türkiyəyə qarşı ərazi iddialarına görə onların Türkiyə ilə sərhədi yoxdur. Bəlkə siz bilmirsiniz, lakin onların konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Türkiyə kimi qüdrətli ölkəyə qarşı ərazi iddialarına indiki vaxtda malik olmaq üçün gərək ağılsız olasan”, - deyə Prezident İlham Əliyev əlavə edib.

 


 


Oxunma sayı: 1211

Oxşar yazılar