İndi baş verənlər Minsk qrupunun fəaliyyətindəki səriştəsizliyin nəticəsidir – Oljas Suleymenov

  • 17:23 - 22 Oktyabr

Qazaxıstanın və bütün türk dünyasının yaşayan əfsanəsi, tanınmış ictimai-siyasi xadimi, diplomat, yazıçı, ölkəmizin "Dostluq" və "Şöhrət" ordenlərinin laueratı Oljas Suleymenov Azərbaycan Televiziyası vasitəsilə xalqımıza müraciət edib. O, bu tarixi günlərdə Azərbaycanla birlikdə olduğunu bəyan edib.

Avropa.info onun müraciətini təqdim edir:

"Bu günlərdə moskvalı bir jurnalist mənə sual ünvanlamışdı və sualı da belə başlamışdı ki, "Siz təbii ki, Azərbaycanın tərəfini tutursunuz". Mən cavabında dedim: Azərbaycan futbol komandası deyil, mən onun tərəfini tutum. Azərbaycan mənim üçün doğma ölkədir, qardaş xalqdır. Ona görə də əgər bu möhtəşəm xalqa, respublikaya rəğbət bəsləyirəmsə, bunu dərin səmimiyyətimlə edirəm. Mən Bakıda, Gəncədə, Şuşada, Füzulidə və bir sıra digər şəhərlərdə çox gözəl günlər keçirmişəm, hamısını gəzmişəm. Bu, sovet dövründə, gəzilməsi mümkün olan vaxtlarda baş vermişdi. Hazırda orada cərəyan edən hadisələrdən xəbərdaram. 30 ildir hamımız bu ağrı-acı ilə yaşayırdıq. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində başlayan faciələrlə kədərləndik. Həmin illərdə, 90-cı ilin Qara Yanvar hadisələrində mən oraya getmişdim.

İndi baş verənlər dünyanın nüfuzlu dövlətlərindən formalaşan Minsk qrupunun fəaliyyətindəki səriştəsizliyin nəticəsidir. Təəssüf ki, onlar 30 ildə heç nə etmədilər. Bu səbəbdən də Azərbaycan özü öz torpaqlarını azad etmək məcburiyyətində qaldı. Əlbəttə, Gəncəyə raket atıldığını eşidəndə çox narahat oldum. Bu, tamamilə qadağan olunmuş bir həmlədir və əsl təxribatdır. Çünki şəhərlərə raketlə hücum etmək beynəlxalq hüquqla da yasaqlanıb. Ermənistan isə bu qaydanı kobudcasına pozub. Raket hücumu barədə əmri dövlətin ən yüksək rütbəli şəxsi verir. Yəqin ki, bu halda hücum əmrini Ermənistanın baş naziri verib. Bu, bizim hamımıza həqarətdir, hamımızın təhqir olunmağımızdır və bizi üzür.

Amma sevindirici məqam ondan ibarətdir ki, hansısa rayonların, yaşayış məntəqələrinin işğaldan qurtarıldığı xəbərini alırıq. Eşitdim ki, Füzuli azad olunub. Bilmirəm, indi o hansı vəziyyətdədir, amma mən olduğum vaxt çox füsunkar bir şəhər idi. Mən 30 ildir işğal altında qalan bütün 7 rayonun azad olunacağına inanıram. Ümid edirəm ki, Minsk qrupu da Azərbaycanın öz gücü ilə azad etməkdə olduğu və mütləq azad edəcəyi vətən torpaqları uğrunda mübarizəsini təqdir edəcək və dəstəkləyəcək. Doğma Azərbaycana uğurlar diləyir və torpaqlarına sülh gəlməsini istəyirəm. Bunu çox arzulayıram. Mən Azərbaycan xalqına, Azərbaycana öz sevgimi, məhəbbətimi bildirir, sülh, əmin-amanlıq və işıqlı günlər arzulayıram. Sağ olun!"


Oxunma sayı: 1805

Oxşar yazılar