Bakı Dövlət Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna ümumilikdə 473 656 manat vəsait köçürüb

  • 16:02 - 21 Oktyabr

Müzəffər Azərbaycan Ordusunun şanlı qələbələri hər birimizi sevindirməkdə davam edir. Bu gün hər bir azərbaycanlının ürəyi qüdrətli ordumuzla bir döyünür, Böyük Qələbənin qazanılması üçün əlindən gələni etməyə çalışır. Ordumuza dəstəyi mənəvi borc hesab edərək Silahlı Qüvvələrimizə yardım olunur. Ölkəmizin ən böyük universiteti olan Bakı Dövlət Universitetindən də Silahlı Qüvvələrimizə yardımlar davam edir.

Avropa.info xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının qərarı ilə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna Universitet büdcəsindən 200 min manat vəsait köçürülmüşdü. Bundan sonra BDU-nun əməkdaşları da fərdi qaydada könüllü şəkildə aylıq əmək haqlarından müəyyən miqdarda vəsaitin Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna köçürülməsi üçün müraciət etmişdir. BDU əməkdaşlarının  müraciətləri əsasında toplanan 273 656 manat vəsait bu gün Silahlı Qüvvələrə Yardım Fonduna köçürülmüşdür.

Bununla da Bakı Dövlət Universitetinin Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna köçürdüyü vəsait ümumilikdə 473 656 manata çatmışdır.

BDU ailəsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə igid əsgər və zabitlərimizin tezliklə işğal altında olan bütün torpaqlarımızı işğaldan azad edəcəklərinə əmin olduğunu bildirir və şanlı ordumuza yeni zəfərlər arzulayır. 

Yaşasın müzəffər Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!


Oxunma sayı: 3312

Oxşar yazılar