Elman Rüstəmov: “Ehtiyatlarımızla qısa zamanda iqtisadi artımı bərpa edəcəyik”

  • 23:25 - 20 Oktyabr

“Bizim kifayət qədər ehtiyatlarımız var ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra tez bir zamanda Azərbaycan iqtisadiyyatının artımını bərpa edək, inkluziv artım yoluna çıxaq”.

Bunu AzTV-nin efirində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

“Prezident tərəfindən növbəti 10 ildə iqtisadi potensialımızı 2 dəfə artırmaq vəzifəsi qoyulub. Hesab edirik ki, bu hədəf kifayət qədər realdır. Lakin yeni bir faktı qeyd etmək istəyirəm ki, o da Prezidentin azad olunmuş torpaqların tam bərpası proqramıdır ki, bu da, olduqca böyükmiqyaslı proqramdır.

Bu proqramın realizasiyası ilə işğaldan azad edilən torpaqlarımızın təbii resursları iqtisadi dövriyyəyə qaytarılacaq, həyata keçiriləcək nəhəng investisiya proqramları və yaradılacaq yeni iş yerləri iqtisadi artımımıza əhəmiyyətli impuls verəcək”-deyə o bildirib.

Elman Rüstəmov onu da vurğulayıb ki, Azərbaycanla müharibə Ermənistan iqtisadiyyatını çökdürər: “Azərbaycan və Ermənistan iqtisadiyyatları arasında kəmiyyət müqayisəsi aparsaq, deyə bilərik ki, bizim dövlət büdcəmiz Ermənistanın ümumi daxili məhsulunun (ÜDM) dəyərindən çoxdur, o cümlədən bizim xarici valyuta (qızıl) ehtiyatlarımız onların ehtiyatlarından 30 dəfə çoxdur.

Ermənistan xarici dövlət borcuna nəzarət edə bilmir, bu borcun ümumi daxili məhsula (ÜDM) nisbəti 60%-ə çatıb. Azərbaycanda isə bu nisbət 20%-dən aşağıdır. Bu gün Ermənistan əhalisinin 1/5 kasıblıq həddindən də aşağı səviyyədə yaşayır, ancaq Azərbaycanda kasıblıq radikal olaraq həll edilib. Bu gün iqtisadiyyatın hər bir sahəsində biz onlardan üstünük. Bu cür maliyyə imkanları ilə müharibənin bir neçə ay uzanması Ermənistan iqtisadiyyatını, maliyyə sistemini çökdürər, kollapsa gətirib çıxara bilər".


Oxunma sayı: 7118

Oxşar yazılar