“Azərbaycan vətəndaşları polislə birgə təxribatlara qarşı mübarizə aparmalıdır” – Ramiz Alıyev

  • 14:28 - 20 Oktyabr

“Azərbaycan vətəndaşları hər zaman öz polisinin və digər hüquq-mühafizə orqanlarının yanında olub, onların fəaliyyətinə öz töhfələrini verib, birlik nümayiş etdirərək terrora və bu kimi məkrli niyyəti olanlara qarşı birlikdə mübarizə aparıb”.

Avropa.info xəbər verir ki, bunu İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev deyib.

R. Alıyev hesab edir ki, bu ənənə yenə də davam edəcək: “Cəbhədə rəşadətli ordumuzun uğurlu əks-hücum əməliyyatları və torpaqlarımızın mənfur düşməndən azad olunması davam etməkdədir, demək olar ki, hər gün cəbhədən sevindirici xəbərlər alırıq. Bu xəbərlər hər bir azərbaycanlını sevindirir və qürurlandırır. Biz inanırıq ki, yaxın günlərdə ərazi bütövlüyümüz tam olaraq təmin olunacaq və işğal altında olan torpaqlarımız erməni terrorçularından təmizlənəcək. Hər bir vətəndaşımız bu gün Ali Baş Komandanın ətrafında sıx birləşib və Ali Baş Komandanımız bir sərkərdə olaraq on milyonluq bir ölkənin vətəndaşlarını öz arxasınca aparmağı bacarır və əlli milyonluq bir xalq cənab İlham Əliyevi öz lideri olaraq qəbul edir. Bu, yüz illərlə təkrar oluna bilməyən bir tarixdir. Bu gün bizə bu tarixi yaşatdığına görə cənab Prezidentə təşəkkür edirik. Bütün bu tarixi uğurlarımızı qeyd etdiyimiz zamanda mənfur düşmənimiz cəbhədə rəşadətli ordumuzun vurduğu zərbələrə tab gətirə bilməyərək yenə də öz ənənəvi vərdişləri olan terrora üz tutublar. Bu günlərdə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinə atmış olduqları ballistik raketlər nəticəsində böyük bir terrora imza atmış oldular. Düşmən Gəncə ilə yanaşı, digər rayon və şəhərlərimizə də raketlər ataraq terror aktları törədib. Nəticə olaraq 60 mülki vətəndaşımız həlak olub, xeyli sayda vətəndaşımız yaralanıb. Əlbəttə ki, mülki vətəndaşlarımızı hədəfə alan terrorçu ölkənin atdığı raketlərin hamısı hədəflərinə çatsaydı, bu itkilərimiz yüz minlərlə ola bilərdi. Ordumuzun havadan müdafiə sistemləri vasitəsi ilə bu raketlərin böyük əksəriyyəti məhv edilib. Buna görə də cəbhədə olan uğurlarımıza da tam olaraq sevinə bilmirik, çünki həlak olanların hər biri bizim üçün doğmadır”.

R. Alıyev düşmənin bununla dayanmayacağını düşünür: “Bununla bağlı bu günlərdə aidiyyəti hüquq-mühafizə orqanları da bəyanat yayıb. Bu gün ölkəmizdə sabitlik hökm sürür, bu sabitliyin olmasında hüquq-mühafizə orqanlarının, xüsusi ilə də polis əməkdaşlarının xidmətləri böyükdür. Bildiyiniz kimi, müharibə şəraitindəyik. Buna görə də cənab Prezident ölkə ərazisində komendant rejiminin tətbiq edilməsi və komendant saatının müəyyən olunması ilə bağlı fərman imzalayaraq Daxili İşlər Nazirini ölkə üzr komendant təyin edib. Bu gün Azərbaycan polisi istirahət etmədən hər gün vətəndaşlarımızın xidmətindədir və onların təhlükəsizliyini qoruyur. Onlar cəbhədə döyüşən igid əsgərlərimiz kimi rayon və şəhərlərimizdə ictimai asayişin qorunmasında, insanlarımızın təhlükəsizliyinin təmin olunmasında, yarana biləcək terror hadisələrinin qarşısının almasında fədakarlıq göstərirlər. Bu gün həm də Azərbaycan polisi ilə vətəndaşlarımızın bir sınaq dövrüdür. Bütün dövrlərdə birlik nümayiş etdirən polis-vətəndaş münasibətləri bu gün ən yüksək səviyyədədir”.

R.Alıyev bildirib ki, ölkəmizdə mövcud olan ictimai sabitlik, təhlükəsiz həyat, demək olar ki, bütün dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilib: “Əsrlər boyu ölkəmizdə erməni terrorçuları tərəfindən təxribatlar və terror hadisələri törədilib. Bu terror hadisələri nəticəsində insanlarımız həlak olub və yaralanıblar. Yenidən belə halların baş verməməsi üçün Ali Baş Komandanımızın yanında olmağımızı sübut etməliyik. Polis əməkdaşlarının daha çevik və qətiyyətli çalışması, cəbhədə əsgərlərimizin bizləri xoş xəbərlərlə sevindirmələri üçün qoyulan qaydalara əməl edərək daxildə ictimai-sabitliyi qoruyaraq hüquq-mühafizə orqanlarının yanında olmalıyıq, onlara dəstək nümayiş etdirməyik. Azərbaycan vətəndaşları polisin yanında olub təxribatlara və terrora qarşı birgə mübarizə aparmalıdır. Biz hər zaman öz polisimizə, dövlətimizə inanmışıq və bu gün də inanırıq. Əmin ola bilərsiniz ki, Azərbaycan polisi və digər hüquq-mühafizə orqanları ölkə vətəndaşlarının və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin, xarici vətəndaşların təhlükəsizliyini ən yüksək səviyyədə qorumağa qadirdir. Bizdən isə yalnız bir şey tələb olunur, o da qoyulan qaydalara maksimum səviyyədə riayət etmək, bütün neqativ hallara qarşı birgə mübarizə aparmaqdır”.


Oxunma sayı: 3576

Oxşar yazılar