İranın yanlış Qarabağ siyasəti Təbriz küçələrini nəhəng etirazlara sürükləyir - İranlı jurnalist Taha Kermani yazır (TƏHLİL)

  • 12:01 - 20 Oktyabr

Türkiyədə fəaliyyət göstərən İranlı  jurnalist Taha Kermani  " İranın Qarabağ siyasəti Təbriz küçələrini etiraza məcbur edir" adlı bir məqalə yazıb.  

Avropa.info həmin yazını təqdim edir: 

"27 sentyabr səhəri Ermənistanın hücumları ilə başlayan və atəşkəs bəyannaməsinə baxmayaraq davam edən Qarabağ münaqişəsi bir çox ölkələrlə yanaşı İranın da əsas gündəmi oldu. 

İranın danışıqlar masasında nadir hallarda adı çəkilsə də, bu sahədə son dərəcə əhəmiyyətli bir mövqeyə sahib olduğunu söyləmək mümkündür. Tehranın xarici siyasətini bir ölçülü məzhəb mərkəzli siyasət olaraq şərh edənlər, Ermənistana münasibətinə təəccüblənirlər. Ancaq  İran türklərinin ölkənin xarici siyasətinə açıq etiraz etmələri sürpriz oldu. 

Bazar günü ikinci dəfə küçələrə çıxan İran türkləri Ermənistanla sərhəd qapısının açılmasına etiraz etdilər. İndi  bu nümayişlər nəticəsində ritorikasını dəyişdirən İranının ictimai təzyiqlər nəticəsində Qarabağdakı siyasətini dəyişdirib-dəyişdirməyəcəyi maraq mövzusudur. 

Təbrizdəki nümayişlər 

İranda mövzusundan asılı olmayaraq kütləvi nümayişlər həmişə qırmızı xətt kimi qəbul edilir. Küçə nümayişləri yalnız rəhbərliyin razılığı ilə, daha dəqiq desək, onların əlləri ilə edilə bilər. Məsələn, hər il aprelin 24-də paytaxt Tehranda baş verən qondarma "erməni soyqırımı" anma mərasimlərinin və yürüşlərinin ən yüksək səviyyədə təsdiqi və hakimiyyətin iradəsinin olmadan həyata keçirilməsini düşünmək çox sadəlövhlük olardı. Bu səbəbdən Türkiyənin Tehrandakı səfirliyi qarşısında türk bayrağının yandırılması aksiyalarının, Türkiyə əleyhinə şüarların səsləndirilməsinin Tehranın siyasi iradəsi ilə bağlı olması haqda düşünmək lazımdır. 

İqtisadi cəhətdən çox çətin  dövr yaşayan İran artıq geniş miqyaslı etiraz potensialına sahibdir. Keçən aylarda sosial güzəranın çətinliyinə reaksiya olaraq başlayan nümayişlərin qısa müddət ərzində ölkə daxilində yayılması və siyasi ölçülər qazanması İran rəhbərliyinin kabusuna çevrildi. Bu səbəbdən ölkədə hər hansı bir xalq hərəkatının qarşısını başlamadan əvvəl almaq əsas məqsəd daşıyır və bu reaksiyaların yatırılması üçün sərt müdaxilədən istifadə olunur. 

 

Vidyograf - We have recently interviewed Taha Kermani as... | Facebook

Jurnalist  Taha Kermani

Qarabağdakı qarşıdurmalardan sonra Təbriz və Tehran başda olmaqla bir çox şəhərdə İran türklərinin nümayişlər təşkil etməsi bu potensialın nə qədər yüksək olmasına işarədir. Əslində bazar günü Təbrizdə baş verən nümayişlərə baxdıqda, İran türklərinin nə qədər narahat olduqlarını asanlıqla anlaya bilərik. Etirazlar başlamazdan əvvəl təhlükəsizlik qüvvələri tərəfindən onlarla fəala etiraz aksiyasında iştirak etməmələri barədə xəbərdarlıq edildi və nümayişdən əvvəl bir neçə nəfər yenidən ehtiyat məqsədi ilə saxlanıldı. 

İstisnasız olaraq Təbrizin bütün əsas küçələrində sıx təhlükəsizlik tədbirləri görən və şəhəri bir kazarmaya çevirən İran rəhbərliyi bütün bu tədbirlərə baxmayaraq, Qarabağ qəzəbinə zəncir vura bilmədi. Polisin sərt müdaxiləsi nəticəsində cəmi bir neçə dəqiqə davam edən nümayişlərdə 100-dən çox insanın saxlanıldığı bildirilir. 

Digər tərəfdən, bir neçə gün əvvəl bənzər bir hərəkətlə saxlanılanlar hələ də sərbəst buraxılmır. Reaksiyaların mərkəzində İranın Ermənistana verdiyi yardım dayanır. İran nə yerli, nə də xarici ictimaiyyəti bitərəf olduğuna inandıra bilməz. Bütün təzyiqlərə baxmayaraq, bu siyasətə etirazların qarşısını ala bilmədi. 

Xüsusilə, son hadisələrdən sonra İran türklərini digər millətlərdən ayırmaq lazımdır. Çünki, İranın Suriya siyasətinə illərdir xalq tərəfindən fəal şəkildə etiraz edilir, lakin rəhbərlik ən kiçik bir addım geri atmır. Ancaq yuxarıda adı çəkilən türklər İranın Qarabağ siyasətinə etiraz etdikdə, liderlərin qısa müddətdə ciddi bir yumşalmadan keçməli olduqları görünür. 

Bu mərhələdən sonra İranın Təbriz küçələrində tələb etdiyi kimi Ermənistana gedən loqistika yolunu bağlayacağı ehtimalı çətin görünür. İşğalçı Ermənistana hər cür dəstəyin verilməsinin bahası tamamilə Tehranın hesabına yazılacaq. Bu vəziyyət müharibədən sonra  Azərbaycanın İranla münasibətlərinə dərin təsir göstərəcək. 

İran manevr etmək üçün məhdud əraziyə malikdir 

İranın Qarabağla bağlı Ermənistana qarşı mövqeyi bu günlərdə daha qabarıq əks olunsa da, əvvəldən bəri eyni idi. SSRİ-nin dağılmasından sonra İranın əsas prioriteti bölgəyə açılmaq idi. Bu çərçivədə Azərbaycan İran rəhbərliyi üçün bu təşəbbüsün ən cəlbedici ünvanı kimi görünürdü. Ancaq proseslər Cənubi Qafqazda təsir dairəsi yaratmağı hədəfləyən İranın gözlədiyi kimi getmədi. İranın cənubunda məskunlaşmış türklər (Güney Azərbaycan) üçün Azərbaycan Respublikasının adı belə son dərəcə həyəcan verici idi. 

İran müharibə illərinin qapalı atmosferindən çıxdıqda Xomeyni dövrü bitdi və ölkədə yeni küləklər əsməyə başladı, Təbrizdə həmişə Bakı havaları səsləndi. Tehranın illərdir kənarda qalan və izolyasiya edilən türklərə qarşı səylərinə baxmayaraq, İran Arazın sərhəd olduğunu qəbul edə bilmədi. Milli dövlət birinci Pəhləvi dövründən fars millətçiliyinin mərkəzləşdirilməsi ilə quruldu. İranın türk əsilli insanları tamamilə bir köşəyə sıxılmayacaq qədər çox olsalar da, milli kimliklərini bərpa etməkdə çətinlik çəkmişdilər. 

İnqilabdan ümid etdiklərini tapa bilməyən türklər mərkəzdən soyuduqca getdikcə köklərinə qayıtdılar. Məhz bu mühitdə şimalda ikiyə bölünən insanların bir hissəsi müstəqil olaraq yenidən doğuldu və cənubdakıları həyəcanlandırdı. 

Bu prosesin təhlükələrini hiss edən İran Azərbaycan Respublikasının yeni rəhbərliyindən çox narahat olmağa başladı. Xalq Cəbhəsi və Əbülfəz Elçibəyin hakimiyyətə gəlməsi ilə Güney Azərbaycan məsələsi ən yüksək səviyyədə ifadə edildi. Tez-tez bütöv Azərbaycandan bəhs edən Elçibəyin millətçi münasibəti İran üçün kabusa çevrildi. Bu mühitdə Qarabağ problemi tədricən kəskinləşdi və İran seçimini etdi. 

Güclü və sabit bir Azərbaycanın İran türkləri üçün necə bir ilham mənbəyi olduğunu bilən Tehran Qarabağ məsələsinin həll olunmaz hala gəlməsini uzunmüddətli həll yolu olaraq gördü. Beləliklə, İran lap başdan bəri vasitəçilik şansını itirdi. 8 May 1992-ci ildə İranın keçmiş prezidenti Haşimi Rəfsəncaninin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hakimiyyət orqanları Tehranda atəşkəs razılaşmasını imzaladıqdan sonra Qarabağın simvolu olan Şuşa həmin gün erməni qüvvələri tərəfindən işğal edildi. 

Bundan əlavə, İran xüsusilə müharibə dövründə enerji ehtiyacı xarici mənbələrdən tamamilə asılı olan Ermənistanın qan damarı idi və bütün bu proseslər Tehranın Azərbaycan qarşısında bitərəf olma iddialarının etibarlılığını itirməsinə səbəb oldu. Bu gün İranın oxşar həssaslıqlarına baxmayaraq, məsələni 90-cı illərdən fərqli edən amillər Qarabağ probleminin həllində çox həlledici görünür. 

Azərbaycan Respublikasının  Ermənistanla müqayisədə hər mənada güclü mövqedə olması Qarabağ məsələsinin həllini qaçılmaz etdi. Sahədəki təşəbbüsünü itirən İran tamamilə Rusiyanın aləti halına gəldi. Rəqabət gücünə sahib olmadığını anlayan İran Türkiyənin Azərbaycandakı nüfuzunun artması narahatdır. 

Güclü Azərbaycan Respublikasının Təbrizdə ilham mənbəyi olması onu qiymətləndirmək üçün çox vacibdir. Lakin Ankara faktoru Bakı qədər vacibdir. Həqiqətən, Türkiyə hər mənada Azərbaycanın yanındadır, bu proses İran türkləri üçün gələcəyə ümid mənbəyi oldu. Qarabağ kimi haqlı bir işdə beynəlxalq təzyiqlərə baxmayaraq, Ankara ilə Bakının yaxınlaşan mövqeyini Tehrandan daha soyuqlaşan Təbrizdəki yeni nəsil hər gün diqqətlə izləyir. 

İranın rəsmi xəttinə zidd olsa da, Azərbaycanda və Türkiyənin mövqeyinin yaxınlaşmasının böyük kütlələr tərəfindən dəstəklənməsi İranın əlini əhəmiyyətli dərəcədə zəiflətdi. Bu kontekstdə Qarabağda əldə ediləcək nəticə İranın mövcud siyasətini davam etdirməsini son dərəcə çətinləşdirəcək. Buna görə demək olar ki, Qarabağ siyasətində İranın fəaliyyət dairəsi kifayət qədər məhduddur. 

Digər tərəfdən, qarşılıqlı etimada əsaslanan münasibətlər qurmaqda çətinlik çəkən İran rəhbərliyi daha radikal qərarlara müraciət edib vəziyyəti daha da çətinləşdirə bilər. İranın Xarici İşlər Nazirliyinin keçmiş sözçüsü Abbas Musəvinin Bakıya səfir təyin edilməsi, Tehranın Azərbaycana nə qədər diqqət verdiyini göstərir. Təcrübədən də göründüyü kimi, fars millətçiliyinə əsaslanan siyasətlər İran türklərinin mərkəzdən daha uzaqlaşmasına və reaksiyalarının artmasına səbəb olur. 

Xüsusilə, İranın Azərbaycana qarşı Ermənistanı müdafiə etməsi Təbrizdəki rəhbərliyə qarşı reaksiyalar üçün zəmin hazırlayır. Mövcud sərt şərtlərin hər an genişmiqyaslı etirazlara səbəb ola biləcəyini və bu etirazların sürətlə bütün ölkəyə yayıla biləcəyini nəzərə alaraq, İranın Qarabağ siyasətinin davamlı olmadığı və cəmiyyətin əhəmiyyətli bir hissəsinin kənarda qoyan gələcək siyasətinin  ciddi risklər daşıdığını söyləmək olar.

Avropa.info


Oxunma sayı: 43220

Oxşar yazılar