"Unutmaq lazım deyil ki, Qarabağ iqtidarlı-müxalifətli hər birimizin problemidir" - Gələcək Azərbaycan Partiyasından hakimiyyətə Qarabağ bəyanatı

  • 18:44 - 01 Oktyabr

"İşğalçı Ermənistan ordusunun vətənimizə qarşı genişmiqyaslı hərbi təxribatına qarşı Azərbaycanda fəaliyyət göstərən 58 siyasi partiyanın 50-nin, iqtidarlı-müxalifətli birlikdə vahid bəyanatla çıxış etməsi hesab edirik təkcə xalqımızın Qarabağ mövzusunda vahid mövqeyindən xəbər vermir, bu həm də Azərbaycanda yaşanan siyasi birliyin bütün dünyaya nümayişkaranə formada ifadəsi oldu."

Avropa.info xəbər verir ki, bu haqda Gələcək Azərbaycan Partiyasının bəyanatında deyilir. 

"Bu bəyanat Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbi ətrafında bu günədək müxtəlif siyasi cəbhələrdə durmuş Azərbaycan siyasətçilərinin birliyi, həmrəyliyi idi. 

Bu həmrəylik ədalətsiz dünyaya həm də bir sivil etiraz idi. Axı necə ola bilər ki, dünya birliyi, beynəlxalq təşkilatlar ərazisi işğal edilmiş, ərazi bütövlüyü pozulmuş, 1 milyondan artıq məcburi köçkünü olan ölkə ilə də eyni diplomatik dildə danışsın, işğalçı, hərbi cinayətlər törətmiş ölkə ilə də eyni diplomatik dildə danışsın?! Bu proses elə ilk mərhələdə aparılırsa biz beynəlxalq təşkilatlardan, iri dövlətlərdən necə ədalət gözləyə bilərik?! 

Gələcək Azərbaycan Partiyası hesab edir ki, bu günədək Qarabağ konfilikti ətrafında aparılmış siyasi danışıqların bir adı var: Siyasi dolandırıcılıq! 

Beynəlxalq qurumlar və dünya ictimaiəti unutmamalıdır ki, bu gün Azərbaycan öz ərazilərində hərbi əməliyyat aparır və bu Azərbaycanın haqqıdır! Azərbaycan bu gün həm də bütün dünyanın bu günədək həll etməli olduğu məsələni həll etməkdədir. Hansı ki, Azərbaycan dövlətinin və ordusunun qətiyyəti ilə pozulmuş beynəlxalq hüquq normalarının bərpası həyata keçirilir. Dünya birliyi belə də bilsin. 

Bu gün BMT-nin Azərbaycan ərazilərinin işğalı ilə bağlı və ərazilərin qeyri-şərtsiz boşaldılması ilə əlaqədar qəbul etdiyi 4 qətnamənin icra edilməsi misiyasını Azərbaycan ordusu şərəflə öz üzərinə götürüb. İcra prosesi 27 ildir yubadılan məlum o qətnamələri BMT və digər beynəlxalq qurumlar həyata keçirdə, icra edə bilmirsə Azərbaycan ordusu bunu etməli idi və edirdə! 

Gələcək Azərbaycan Pariyası olaraq bəyan edirik ki, bu gün şərəfli Azərbaycan ordusuna həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara görə  BMT və digər beynəlxalq qurumlar beynəlxalq hüququn bərpasına görə Azərbaycana minnətdar olmalıdırlar...

Belə bir həssas zamanda Gələcək Azərbaycan Partiyası olaraq açıq bəyan edirik ki, ordumuzun, dövlətimizin və silahlı qüvvələrin ali baş komandanı İlham Əliyevin verdiyi və verəcəyi bütün qərarların yanındayıq! 

Unutmaq lazım deyil ki, Qarabağ iqtidarlı-müxalifətli hər birimizin həssas və yaralı problemidir. Hər bir vətəndaşımız dövlətinə və ordusu güvənir və bu güvənc sarsılmazdır!" - GAP-ın bəyanatında belə deyilir.

Avropa.info


Oxunma sayı: 6161

Oxşar yazılar