"Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Tərəflər danışıqlar masasına gəlməlidir" - ABŞ-ın ATƏT-dəki səfiri

  • 21:25 - 29 Sentyabr

"Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Tərəflər danışıqlar masasına gəlməlidir". 

Bunu ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor bu gün ATƏT-in Daimi Şurasının Dağlıq Qarabağdakı gərgin vəziyyətlə bağlı keçirdiyi xüsusi iclasında çıxışında deyib. 

Ceym Gilmor bildirib ki, ABŞ Dağlıq Qarabağ bölgəsində təmas xətti boyunca mülki şəxslər də daxil olmaqla, xeyli sayda itki ilə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlar barədə xəbərlərdən dərindən narahatdır. 

"Biz Minsk Qrupu həmsədrlərinə və beynəlxalq ictimaiyyətə qoşularaq şiddətin böyüməsini ən sərt şəkildə qınayırıq və bütün iştirakçıları dərhal hərbi əməliyyatları dayandırmağa çağırırıq. Ölən və yaralananların ailələrinə başsağlığı veririk. 

Tərəfləri döyüşü dərhal dayandırmağa və ən qısa müddətdə şərt qoyulmadan danışıqlar masasına dönməyə çağırırıq. ABŞ Dövlət Katibinin müavini Stiven Biqan Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri ilə əlaqə saxlayaraq onlara de-eskalasiya barədə bildirib, vəziyyətin daha da kəskinləşmənin qarşısını almaq üçün aralarındakı mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə, regiondakı gərginliyi artıra biləcək zərərli ritorikadan və hərəkətlərdən çəkinməyə çağırıb", - deyə ABŞ səfiri bildirib. 

Diplomat deyib ki, ABŞ tərəfləri gərginliyi azaltmaq üçün təcili addımlar atmağa, təhlükəsizlik tədbirlərini təmin etməyə və beynəlxalq insan haqlarına hörmət etməyə çağırır. 

"ABŞ hər hansı kənar qüvvə tərəfindən artan şiddətdə iştirakın regional gərginliyi daha da artıracağına inanır. Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Tərəflər danışıqlar masasına gəlməlidir. Minsk Qrupunun həmsədri olaraq, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə kömək etməklə bağlı öhdəliyini bir daha təsdiqləyir. Vəziyyəti dəyişməklə daha çox mülki şəxs və hərbi qulluqçunun itkisinin qarşısını almaq üçün hələ vaxt var", - deyə Ceyms Gilmor vurğulayıb. 

Qeyd edək ki, Ermənistan və Azərbaycan arasında gərginləşən vəziyyətlə əlaqədar ATƏT Daimi Şurasının xüsusi iclası çağırılıb.

APA


Oxunma sayı: 2047

Oxşar yazılar