ABŞ Ermənistandakı və Azərbaycandakı vətəndaşlarına xəbərdarlıq etdi: "Abşeron yarımadasının hüdudlarını tərk etməyin"

  • 11:01 - 26 Sentyabr

ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədinə getməkdən çəkinməyə çağırıb.

Avropa.info xəbər verir ki, bu barədə səfirliyin saytında verilən açıqlamada deyilir.

ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkənin vətəndaşlarının Dilican Milli Parkının şimalındakı bölgələrə, Tavuş bölgəsindəki Gürcüstanla sərhədə, eləcə də Dağlıq Qarabağa getmələrini tövsiyə etmir.

Bəyanatda qeyd olunur ki, səfirlik sərhəddəki vəziyyətin inkişafını izləyəcək və əlavə olaraq bu barədə vətəndaşlarını məlumatlandıracaq.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi də Birləşmiş Ştatlar vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədindən və Dağlıq Qarabağ istiqamətindəki təmas xəttindən uzaq durmağa çağırıb.

ABŞ-ın Bakıdakı səfirliyinin sentyabrın 25-də yaydığı analoji xəbərdarlıqda isə deyilir ki, Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliklə əlaqədar olaraq Birləşmiş Ştatların vətəndaşları xüsusi zərurət olmadıqda Abşeron yarımadasının hüdudlarını tərk etməməli və ölkənin digər regionlarına səfərlərdən çəkinməlidirlər. Vətəndaşlara tövsiyə edilir ki, hadisələrin istənilən inkişafına dair Azərbaycanın yerli xəbərlərini izləsinlər. Səfirlik ABŞ vətəndaşlarından ictimai yerlərdə ehtiyatlı olmağı və istənilən publik toplantılardan uzaq durmalarını da istəyir. Bildirilir ki, səfirlik hadisələrin inkişafını izləyəcək və təhlükəsizliklə bağlı zərurət yarandıqda əlavə informasiyalar verəcək.

Xatırladaq ki, Prezident İlham Əliyev son çıxışlarında Ermənistanın təmas xətti boyu əlavə qüvvələr cəmləşdirdiyini və yeni hərbi təcavüzə hazırlaşdığını bəyan edib. Dövlət başçısı xəbərdarlıq edib ki, düşmənin istənilən təcavüzünə sərt cavab veriləcək.


Oxunma sayı: 3367

Oxşar yazılar