Bakıda zəngin ailədə qətl: Rəna Sofiyeva ərini xüsusi amansızlıqla öldürüb günahı “quldurların” üstünə atdı – Foto

  • 10:54 - 25 Sentyabr

Bakının Günəşli qəsəbəsində 2019-cu il iyulun 7-də baş vermiş və əvvəlcə mənzilə quldur basqını nəticəsində törədildiyi bildirilən səs-küylü qətl işi üzrə istintaq tamamlanıb.

Ərini yatdığı yerdə xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən keçmiş iş qadını Rəna Sofiyevanın işi baxılmaq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əfqan Hacıyevin sədrliyi ilə araşdırılacaq.

Bu qətl hadisəsi gecə saat 03.00 radələrində Rəna Sofiyevanın və ailəsinin yaşadığı mənzildə baş verib. Həmin gün yayılan xəbərlərdə deyilirdi ki, mənzilə üzlərinə maska taxmış naməlum quldurlar basqın edib, onlar Rəna Sofiyevanın əri Araz Sofiyevi qətlə yetirib. Qadını isə yaralayıb. Quldurların evdən 4800 dollar pul apardıqları da deyilirdi.

Lakin dərhal bu versiyanı şübhə altına alan nüanslar meydana çıxıb. Məlum olub ki, qətl baş verən vaxt mənzildə Araz və Rəna Sofiyevlərin 15 yaşlı oğlu, habelə Rənanın anası da olub. Onlar isə “heç nə görmədiklərini və eşitmədiklərini” deyirlər.

Axı bu necə ola bilər ki, mənzilə gecə vaxtı quldur basqını olsun, ailənin başçısı çoxsaylı bıçaq zərbələri ilə öldürülsün, qadın yaralansın və digərləri bu dəhşətli dramın yaşandığı dəqiqələrdə sakitcə yuxulasın?

Suraxanı rayon Polis İdarəsinin əməliyyatçıları da dərhal bu sual ətrafında təhlillər aparıblar və Rəna Sofiyevanın özünü şübhəli apardığına əmin olublar. Qadın ilkin ifadəsində iddia edib ki, ərini hansısa borc üstündə evə basqın edib öldürüblər. Amma məlum olub ki, Araz Sofiyevin heç kimə borcu olmayıb. Üstəlik bu necə ola bilərdi ki, qadının şahidliyi ilə onun gözü önündə quldurlar ərini 17 bıçaq zərbəsi ilə öldürür, amma R.Sofiyeva əlindən yüngül xəsarət almaqla salamat qalır? Bəs o niyə köməyə çağırmayıb və sakitcə ərinin öldürüldüyünü izləyib?

Müstəntiqlər tezliklə cinaytin üstünü açıblar və onların şübhələri haqlı çıxıb. Məlum olub ki, Araz Sofiyevi öldürən elə arvadı Rəna Sofiyevadır. Qadın cinayəti tam etiraf edib və bu  dəfə ifadəsində ərini “qısqanclıq zəminində” öldürdüyünü deyib. Suraxanı rayon Prokurorluğu tərəfindən Rəna Sofiyevaya Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qətldən başqa adam oğurluğu və girov götürməklə öldürmə ittihamı isə ona görə irəli sürülüb ki, məhkəmə ekspertləri qətlə yetirilən şəxsin qanında trankvilizator tapıblar. Bu isə çox güman ki, qətlə yetirilən şəxsin hücuma müqavimət göstərməsinin qarşısını almaq üçün istifadə olunub. Başqa sözlə, məkrli qadın axşamdan qətli planlaşdırıb, ərini dərman verməklə keyləşdirib və onun müqavimət göstərməyəcəyinə əmin olduqdan sonra yatdığı yerdə öldürüb. Belə ki, Araz Sofiyev kifayət qədər iricüssəli adam olub və əgər o, keyləşdiriici dərmanın təsiri altında olmasaydı, ilk zərbələrdən özünə gələ və qatilə müqavimət göstərə bilərdi.

Qeyd edək ki, bu cinayət ər-arvadın boşanma ərəfəsində olduğu vaxtda törədilib. Bildirilir ki, Sofiyevlərin ailəsində hadisə ərəfəsində tez-tez münaqişələr yaşanırmış. Bu münaqişələrin kökünün dolanışıq problemlərindən qaynaqlanmadığı dəqiqdir. Çünki ailə kifayət qədər imkanlı olub. Rəna Sofiyeva kənd təsərrüfatı texnikasının tədarükü ilə məşğul olan 4S şirkətinin keçmiş rəhbər müavini idi. Onun əri isə müxtəlif vaxtlarda BP-Azərbaycan, Baltika-Bakı və Aqrovest İMP-də işləyib, özünün də ölümündən əvvəl sosial şəbəkələrdə yazdığı kimi, kifayət qədər imkanlı biznesmen idi. (Həmin postda Araz Sofiyev biznesdə uğurun pik nöqtəsinə çatdığını, amma həyatında işindən başqa sevinməli heç nəyi olmadığını yazır. Bildirir ki, zəngin olmağın sadəcə həyat gerçəkliyi olduğunu, başqa heç nə ifadə etmədiyini dərk edib).

Müstəntiqlər Sofiyevlərin yaşadığı binanın ətrafındakı videomüşahidə kameralarının yaddaşını da axtarıblar və məlum olub ki, təxminən cinayətin baş verdiyi saatlarda binanın ətrafında naməlum kişi dolaşıb. Bu şəxsin R.Sofiyeva ilə hansısa əlaqəsinin olub-olmadığı məlum deyil.

Virtualaz.org


Oxunma sayı: 23013

Oxşar yazılar