Direktor olmaq istəyənlərə 5 gün vaxt verildi

  • 15:11 - 23 Sentyabr

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir.

Təhsil Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, elektron sənəd qəbulu 28 sentyabr-2 oktyabr tarixlərində davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 28 sentyabr tarixindən miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

Müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID‑19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq.

Namizədlər yaşadıqları şəhər və ya rayona ən yaxın imtahan mərkəzinə yönəldiləcəkləri üçün elektron qeydiyyatdan keçərkən “faktiki yaşadığı rayon/şəhər” xanasında hazırkı yaşayış yerini qeyd etməlidirlər.

Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.


Oxunma sayı: 3180

Oxşar yazılar