Qarşıdurma sonrası ilk telefon danışığı: Ərdoğan Makrona nələr dedi?

  • 00:23 - 23 Sentyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. 

Avropa.info xəbər verir ki, Fransa prezidentinin təşəbbüsü ilə reallaşan görüşdə Türkiyə-Fransa, Türkiyə-Avropa İttifaqı münasibətləri və Şərqi Aralıq dənizi başda olmaqla regional məsələlər barədə müzakirələr aparılıb.

Prezident Ərdoğan Şərqi Aralıq dənizindəki gərginliyin səbəbinin Türkiyə və Şimali Kipr türklərinin bölgədəki qanuni hüquqlarına məhəl qoyulmaması olduğuna işarə edərək Fransanın Yunanıstan və Cənubi Kiprin gərginliyi artıran maksimalist iddialarını və addımlarını dəstəkləməsinə məna verə bilmədiyini bildirib. 

Türkiyənin heç kimin haqqında gözü olmadığını, ancaq öz haqlarını da heç kimə yedirməyəcəyini vurğulayan R.T.Ərdoğan hər zaman olduğu kimi bu gün də problemlərin danışıqlar və əməkdaşlıq yoluyla həllinə tərəfdar olduqlarını qeyd edib. 

Gərginliyi azaltmaq üçün diplomatik fürsətlərdən istifadə edilməli və davamlı danışıqlar prosesinin həyata keçirilməli olduğunu söyləyən Prezident Ərdoğan bütün problemləri danışıqlar masası arxasında müzakirə edərək həll etmək istədiklərini ifadə edib. 

O, həmçinin qeyd edib ki, bu prosesdə Fransadan təmkinli və konstruktiv bir yanaşma gözləyirlər və Türkiyə ilə Fransa arasındakı məsləhətləşmə və əlaqə mexanizminin davamlı olmasının faydalı olduğuna inanır. 

Prezident Ərdoğan eyni zamanda Aİ sammitində Türkiyə ilə bağlı konstruktiv dialoq və əməkdaşlığı təşviq edən bir yanaşmanın nümayiş etdirilməsinin də regional məsələlərin həlli imkanları baxımından əhəmiyyətli olduğunu sözlərinə əlavə edib. 


Oxunma sayı: 13542

Oxşar yazılar