Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pulları kim və niyə köçürüb – ilginc mesajlaşmalar

  • 00:37 - 22 Sentyabr

Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsus firmaya Rusiyadan şübhəli pul köçürmələri aşkar olunub. İşdə Mahmudovların qaçaq şəriki, “Cartburg Networks Corp” şirkətinin həmsahibi Ayaz Kərimovun da adı hallanır. Şübhəli pul köçürmələrini ABŞ Maliyyə Nazirliyinin ən qapalı strukturlarından biri olan maliyyə cinayətləri ilə mübarizə bölməsi FinCEN aşkar edib. Söhbət milyonlarla dollardan gedir. 

Bu haqda Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (ICIJ) və “BuzzFeed News” nəşrinin birgə araşdırmasında deyilir. Jurnalistlər FinCEN-in məxfi sənədlərinə çıxış əldə ediblər və məlum olub ki, ABŞ maliyyə kəşfiyyatı Rusiyada prezident Vladimir Putinə yaxın adamlara biznesmenlər və şirkətlər tərəfindən şübhəli pul köçürmələri edilib. İri Rusiya şirkətləri, o cümlədən dövlət şirkətləri isə xarici ölkələrin liderlərinə yaxın adamlara pullar köçürüblər. FinCEN sənədlərindən birinə əsasən ABŞ maliyyə kəşfiyyatı Eldar Mahmudovun oğluna bağlı olan offşor firmanın Rusiyanın mobil rabitə operatoru MTS-dən 2014-2015-ci illərdə milyonlara dollar aldığını göstərir. Araşdırmada deyilir ki, Eldar Mahmudovun ailə üzvləri onun vəzifədə olduğu dövrdə nəhəng sərvətlər əldə ediblər. Onun övladları Böyük Britaniyada, İspaniyada, İsveçrədə çoxsaylı daşınmaz əmlaka, habelə bir sıra ölkələrdə biznes aktivlərinə malikdir.

Bunda əvvəl Mahmudovun ailə üzvlərinin biznesi “Cayman National Bank”ın sənədlərinin araşdırmaçı jurnalistlərin əlinə keçməsi nəticəsində üzə çıxmışdı.

Hazırda Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən axtarışda olan Ayaz Kərimov “Cartburg Networks Corp” şirkətindən savayı “Caspian Telecommunication Ltd” adlı offşor şirkətin də rəhbəri olub. Həmin şirkət Britaniya Virgin adalarında qeydiyyatdan keçib, barəsində heç bir məlumat olmasa da, tezliklə Azərbaycanın telekommunikasiya bazarında iri oyunçuya çevrilib. Jurnalistlər araşdırıblar ki, həmin offşor şirkətin əsl sahibi Anar Mahmudov olub. Onun biznesi isə dövlət miqyası alıb:

2015-ci ildə “Caspian Telecommunication Ltd”-nin törəmə şirkəti “Cartburg Networks Corp” Bakıda Belarusun “Beltelekom” şirkəti ilə beynəlxalq rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalayıb. Təntənəli imza mərasimində Azərbaycanın o vaxtkı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da iştirak edib. Mahmudovun oğlunun offşor şirkətinin törəməsi ilə Azərbaycanın bir sıra dövlət şirkətləri də müqavilələr bağlayıblar və onun razılığı olmadan Azərbaycanın telekommunikasiya bazarında işləmək mümkün deyildi.

Lakin Mahmudovun oğlunun offşor şirkəti təkcə “Beltelekom”u cəlb etməmişdi. FinCEN-in sənədlərinə əsasən Rusiyanın telekommunikasiya nəhəngi MTS 2015-ci il noyabrın 20-dən etibarən bir neçə köçürmə ilə “Caspian Telecommunication Ltd”-ə 5.3 milyon dollardan çox pul ödəyib. Bu köçürmələrdən cəmi bir ay sonra-2015-ci ilin dekabrında Ayaz Kərimovun barəsində cinayət işi başlanıb və o, 2016-cı ildən axtarışa verilib. MTS şirkətindən bildiriblər ki, onların Azərbaycanda heç vaxt biznesləri olmayıb və indi də yoxdur. Ödəmələri isə 2013-cü ildə MTS-lə “Caspian Telecommunication Ltd” şirkəti arasında beynəlxalq rabitə xidmətlərinə dair imzalanmış müqavilə ilə əsaslandırıblar. Həmin müqavilə üzrə MTS-in Rusiya, Ukrayna və Ermənistandakı nömrələrinə, habelə Azərbaycandakı mobil və fiksə edilmiş nömrələrinə səs trafikinin ötürülməsi həyata keçirilib. MTS bildirib ki, müqavilə 2014-2015-ci illərdə fəaliyyətdə olub və onun çərçivəsində trafik mübadiləsinə görə hər iki tərəf ödəmələr edib.

“Rabitə işi”ndə Ayaz Kərimovla Mahmudovların münasibətlərini ortaya qoyan maraqlı telefon yazışmalar yer almışdı. Yazışmalardan aydın olurdu ki, Ayaz Kərimov bu işdə sadəcə təşkilatçı olub, şirkət faktiki olaraq Anar  Mahmudovun nəzarətində olub. Belə ki, cinayət işi materiallarında Ayaz Kərimov Anar Mahmudova ayda 1 və ya 2 dəfə “SMS” yazaraq Rabitə Nazirliyi ilə “Cartburg Networks Corp” şirkəti arasında aparılan danışıqlar barədə hesabat verib və qarşı tərəfin müvafiq tapşırıqları əsasında növbəti addımlar atılıb.

Cimayət işi materiallarından görünürdü ki, Anar Mahmudovun istifadəsində olan telefon nömrəsi sabiq nazir Eldar Mahmudovun adına rəsmiləşdirilib. Sabiq nazirin adına olan nömrə ilə A. Kərimovun istifadəsində olan telefon nömrəsi arasında yazışmalara 10 dekabr 2012-ci ildən başlayıb. Mesajların əksəriyyəti rus və ingilis dillərində yazılıb. Növbəti yazışmada sabiq deputat, “AG bank”ın sahibi, Eldar Mahmudovuun şəriki Çingiz Əsədullayevin də bu işin içində olduğu bəlli olur. 4 noyabr 2013-cü il tarixdə A.Kərimov sabiq nazirin oğluna “Qardaş, səndə viber proqramı var? Onunla danışmaq yaxşıdır. Boş olanda, məni yığ, müzakirə edək. Avadanlığın çatıdırlması 60 iş günüdür. Biz gərək məsələləri tez həll edək. Lazım olarsa, Çingizlə danışa və ona girov üçün sifariş edəcəyimin siyahısını verə bilərəm” deyə mesaj yazır. Mahmudov isə “Ok, yaxşı. Mən də artıq layihəni hazırladım” cavabını göndərir. 31 avqust 2013-cü ildə A.Kərimov A.Mahmudova “Qardaş salam təcili görüşmək lazımdır. Təzə xəbərlər var”, noyabrın 1-də “Təbriklər müqavilə imzalandı”, 18 noyabrda “Qardaş salam. Başa düşürəm ki, məşğulsan, lakin mən bu gün mütləq bilməliyəm ki, avadanlığı hansı şirkətə göndərim. Əgər bu “Caspian Cristal” olacaqsa, o zaman mənə əlaqəli şəxsi bildir və mən özüm onunla danışaram. Ya da mən öz şirkətimin adına gətirə bilərəm, onda sadəcə aeroportda gömrükdə razılıq olmalıdır”, 6 dekabrda “Qardaş təbrik edirəm. Avadanlığı quraşdırdılar və işə saldılar. Allah xeyir-bərəkət versin” məzmunlu mesajlar yazıb.

A.Mahmudov 2 aydan sonra, 27 fevral 2014-cü il Ayaz Kərimova məktub yazaraq sabiq rabitə naziri ilə görüş təşkil etdiyini bildirib: “Salam, Ayaz. Bizim rəhbərlər bu gün danışiblar. Sabah mən MCIT-də (Ministry of Communication and İnformation Technology (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi) görüş təşkil edirəm, Əli Abbasovla görüşək bu məsələni sonlandıraq”.

Bundan sonra isə A.Kərimova nazir oğluna məktub yazaraq “SMS layihə” ilə bağlı hansı işlər görüldüyünü, hansıların görülməsi vacib olduğunu qeyd edərək onu tələsməyə çağırır. A.Kərimov A.Mahmudova aprelin 29-da “Salam qardaş. SMS-lə bağlı danışa bilmədin? Türklər bizi gözləyir”, iyunun 11 –də “Salam, qardaş. Bu gün Əli Abbasovun yanında oldum. O hər şeydən məmnundur”, 23 sentyabrda “qardaş, nazirliklə həll etmək lazımdır. Sonra problemlər olacaq”, 24 sentyabrda “Yoldaş Mahmudov”, 25 sentyabrda “Anar indi tikintiyə başlamasaq, onda avqustda onları işə salmaq mümkün olmayacaq və ən yaxşı məhsul ili itir. Bir də mənim Moskvalı dostumun yanında yaxşı düşmür” məzmunlu mesajlar yazıb.

Növbəti ayların yazışmalarından Ayaz Kərimovun sabiq nazir Eldar Mahmudova ad günü hədiyyə aldığı bəlli olur. Noyabrın 27-də Anar Mahmudova “Salam qardaş. Necəsən? Mən Almaniyada müalicədəyəm və Bakıya yalnız sabah gələcəyəm. Mən papanın ad gününə kiçik hədiyyə hazırlamışam. Onu hara gətirim?” yazaraq soruşur. A.Mahmudov elə həmin gün də “Salam. Hər şey yaxşıdır. Müalicə necə gedir. Payın artıq olsun, bizim ofisə verə bilərsən” deyə cavab verir.

Hədiyyə isə A.Mahmudovun ofisində yaxın adamı olan Orxan adlı şəxsi verilir: “Hər şey qaydasındadır, qardaş. Müalicə etdilər. Onda sabah səhər Elmar Orxanla əlaqə saxlayar və verər. Papanı mənim və Nananın adından təbrik et. Biz onu cox dəyərləndirir və sevirik” mesajından sonra ad günü mövzusunda hər hansı yazışma aparılmayıb. Qeyd edək ki, hazırda Eldar Mahmudovun qaçaq şəriki statusunda olan təkcə Ayaz Elxan oğlu Kərimov deyil, “Akula Akif” ləqəbli Akif Mustafayev də axtarışdadır.

Musavat.com


Oxunma sayı: 45299

Oxşar yazılar