Dərs ili başlayandan 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb

  • 22:11 - 21 Sentyabr

Respublika ərazisində fəaliyyət göstərən məktəblərin binasına daxil olan bütün şəxslərin hərarəti yoxlanılır, 37.1-dən yuxarı olan şagirdlər və ya işçi heyəti məktəbə buraxılmır.

Təhsil Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, 21 sentyabr 2020-ci il tarixində hərarəti 37.1-dən yuxarı olan şagird və işçi heyətinin sayı Bakı şəhərində 21, bölgələrdə isə 29 nəfər olub. Hərarəti yüksək olan şagird və işçi heyəti barədə tibb müəssisələrinə məlumat verilir, bu şəxslərin müvafiq qaydada test olunması nəzərdə tutulur.

21 sentyabr 2020-ci il tarixinə olan məlumata görə,  dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməmişlər. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar.

Bu günə olan məlumata əsasən, koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimiin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.

Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib. Ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib. Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.

Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır.


Oxunma sayı: 3103

Oxşar yazılar