Livan Prezidenti: Hökumət böhranı ölkəni cəhənnəmə çevirə bilər

  • 22:37 - 21 Sentyabr

Livan Prezidenti Mişel Aun ölkədə davam edən hökumət böhranı ilə əlaqədar xalqa müraciət edib.

Avropa.info xəbər verir ki, yeni kabinetin formalaşmasında sektoral kvotaların aradan qaldırılmasını təklif edən dövlət başçısı vurğulayıb ki, bu ağır vəziyyətdən çıxmaq üçün həmrəylik nümayiş etdirilməlidir. “Əgər hökumət qurulması üzrə səylər boşa çıxarsa, o zaman Livan cəhənnəmə çevrilə bilər”, - deyə Prezident Aun vurğulayıb.

Livan parlamentində təmsil olunan “Hezbollah” hərəkatı tərəfdarları, sünni və xristian partiyalar arasında nazir postları uğrunda gərgin mübarizə davam edir. Sünni partiyasının təmsilçisi olan yeni Baş Nazir Mustafa Ədlib qeyd edib ki, artıq ölkədə sosial-iqtisadi vəziyyət 1975-1990-cı illərin vətəndaş müharibəsi zamanı mövcud olan böhrandan da pisdir. Baş Nazirin tərəflər arasında razılıq əldə edilməsi çağırışları da nəticə vermir. O, belə olan halda vəzifəsindən imtina edəcəyini bəyan edib.

Parlamentdə yeni hökumətin qurulması iki şiə hərəkatı – “Hezbollah” və “Amal”ı təmsil edən deputatların tələbləri səbəbindən baş tutmur. Onlar güc nazirliklərinin, habelə maliyyə strukturunun öz nümayəndələrinə verilməsini istəyirlər. Fransa Prezidenti Emmanuel Makron da bu prosesi yaxından izləyir. Livanın baş xristian keşişi, Maronit patriarxı Beçara Butros Əl-Rai şiələrin konkret nazir vəzifələri ilə bağlı tələblərini sərt tənqid edib.


Oxunma sayı: 9791

Oxşar yazılar