Prokurorluq Bakıda icra nümayəndəsinin qızının qətli ilə bağlı məlumat yaydı

  • 10:47 - 21 Sentyabr

Xəzər Rayon Prokurorluğu Bakıda baş verən qətl hadisəsi barədə məlumat yayıb.

Prokurorluqdan Avropa.info-ya verilən məlumatda bildirilir ki, sentyabrın 20-də səhər saatlarında Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində 1991-ci il təvəllüdlü Aydan Babayevanın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Məhəmmədəli Babayevin aralarında yaranmış münaqişə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq Aydan Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəmmədəli Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Oxunma sayı: 4522

Oxşar yazılar