"Əli Həsənovun oğlu Şamxal Həsənli ilə biznes şərikliyinə 1 il öncə xitam vermişik" - S Aqro MMC-nin direktoru haqqındakı ittihamlara cavab verdi

  • 18:20 - 18 Sentyabr

İki gün öncə Avropa.info saytında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin keçmiş müdiri Əli Həsənovun oğlu Şamxal Həsənliyə məxsus olduğu iddia edilən S Aqro MMC-də qalmaqal yaşandığı haqda xəbər yayılmışdı.

Saytımızın şirkətin əməkdaşlarına istinadən yaydığı xəbərdə, spirtli içkilərin satışı ilə məşğul olan S Aqro MMC-nin işçilərin maaş kartlarını özlərinə verməməsi, əməkdaşların böyük qismi ilə əmək müqavilələrinin bağlanmaması şirkətdə ciddi narazılığa səbəb olması haqda məlumatlar əks olunmuşdu. 

Yazıda həmçinin, şirkətdə direktor vəzifəsində çalışan Oral Ağakişiyevin əməkdaşlarının maaş kartlarını özlərinə verməməsi də qeyd olunurdu.

Bununla yanaşı uzun illər Əli Həsənovun nəzarətində olan Beynəlxalq Mətbuat Mərkəzinin həyətindəki anbarın S Aqro MMC-nin ixtiyarında olduğu və əslində BMM-in anbarının spirtli içkilərin satış mərkəzinə çevirildiyi də bildirilirdi. 

Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal  Həsənli Xəzər TV-nin direktoru vəzifəsindən azad edilib. » Axin.az

Əli Həsənov və oğlu Şamxal Həsənli

Redaksiyamıza müraciət edərək mövqeyinin dərc olunmasını istəyən S Aqro MMC-nin direktoru Oral Ağakişiyev isə Avropa.info-ya açıqlamasında yayılan məlumatların yanlış olduğunu deyib. 

"Mənim Əli Həsənovun oğlu Şamxal Həsənli ilə S Aqro MMC-də şərikli biznesim olub. Lakin, təqribən 1 il öncə biz rəsmi surətdə bu şərikliyə xitam vermişik. Şamxal Həsənlinin artıq 1 ildən çoxdur ki, S Aqro MMC-yə heç bir aidiyyatı yoxdur. Biz, S Aqro MMC olaraq BMM-in həyətində deyil, o əraziyə yaxın bir yerdə anbar kirayələmişik. Yəni bizim karayələdiyimiz anbarın BMM-ə aidiyyatı yoxdur. 

İşçilərin maaş kartlarının özlərinə verilməməsinə gəlincə, bu doğru deyil. Bütün əməkdaşların maaş kartları özlərindədir. İşçilərimizin hər biri ilə də əmək müqaviləmiz var. Vergidən bir qəpik də pul gizlətmirik, fəaliyyətimizdə tam şəffafıq. Satış etdiyimiz, istər böyük, istərsə də kiçik market və dükanlara edilən satışları rəsmiləşdiririk. Yazıda qeyd olunur ki, guya şirkətin yük daşıyan maşınları işçilərin hesabına təmir olunur. Bu doğru deyil, əksinə hər bir avtomobilin xərclərini şirkət özü çəkir. Əməkdaşlarımız da vaxtlı-vaxtında əmək haqlarını alırlar. Hətta, işdən əlavə onların problemlərinin həllinə də kömək etməyə çalışırıq. Xərcəng xəstəliyinə tutalan əməkdaşımız olub ki, onun bütün müalicə xərclərini üzərimizə götürmüşük. Bu kimi faktlar çoxdur. 

Lakin, şirkətin gəlirini öz pulu kimi yemək istəyən əməkdaşlar da olub ki, biz onları işdən uzaqlaşdırmışıq. Hətta 10 min manat bizə borcu olan əməkdaş var və məhkəmənin qərarı ilə borcunu ödəməlidir. Belələri borclarını ödəmək əvəzinə saytlarımıza yalan məlumatlar verməklə qisas almağa çalışırlar" - S Aqro MMC-nin direktoru Oral Ağakişiyev Avropa.info-ya açıqlamasında belə deyib.

Avropa.info


Oxunma sayı: 15830

Oxşar yazılar