Azərbaycandakı inflyasiya göstəriciləri açıqlandı

  • 14:44 - 18 Sentyabr

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya hədəf diapazonunun mərkəzindən aşağıda qalıb.

Bu barədə AMB-nin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumatda bildirilib.

Qeyd edilib ki, zəif məcmu tələb şəraitində rəsmi statistikaya görə avqust ayında qiymətlər 0.2% azalıb:

“İllik inflyasiya isə 2.8% təşkil edib. Aylıq deflyasiya əsasən ərzağın ucuzlaşması hesabına baş verib. Mövsümi amillərin də təsiri ilə avqustda ərzaq qiymətləri 0.5% aşağı düşüb. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətləri isə inersion olaraq dəyişməyib. Ümumilikdə, faktiki inflyasiyanın dinamikası proqnozlara uyğun olub.

Real sektor müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin azalmaqda davam etdiyini təsdiqləyir. Avqustda ötən aya nəzərən inflyasiya gözləntiləri qeyri-neft sənayesi və xidmət sahələrində azalıb, tikinti və ticarət sektorlarında isə demək olar ki, dəyişməyib. Lakin aparılan sorğular inflyasiya gözləntilərinin xarici və daxili mühit amillərinə həssas olduğunu göstərir.

İnflyasiya proqnozu azaldılma istiqamətində təshih edilib. Bunu şərtləndirən əsas amil iyul və avqust aylarında deflyasiya olub. Sentyabrda yenilənmiş proqnozlara görə 2020-ci ilin sonuna inflyasiya 3-3.2% diapazonunda gözlənilir ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır”.

Həmçinin qeyd olunub ki, risklər balansına təsir edən başlıca amil pandemiyanın gələcəyi ilə bağlı qeyri-müəyyənliklərin yüksək olaraq qalmasıdır:

“Xarici risklərə əsasən, COVİD-19-a ikinci yoluxma dalğası ehtimalının təsiri ilə neft qiymətlərinin daha kəskin aşağı düşməsi, bəzi tərəfdaş ölkələrdə resessiya və məzənnə dəyişiklikləridir. Bu meyillərin güclənməsi ilə inflyasiya gözləntilərinin dəyişməsi, habelə son illər əsasən fiskal kəsirin monetizasiyası nəticəsində yaranmış likvidliyin potensial təsirləri isə başlıca daxili risklərdir. Lakin mövcud kontrtsiklik makroiqtisadi çərçivə bu riskləri idarə etməyə əlavə imkanlar yaradır”.


Oxunma sayı: 10660

Oxşar yazılar