Milli Məclisin İntizam komissiyasının Əsasnaməsinin layihəsi plenar iclasa tövsiyə edilib

  • 19:10 - 17 Sentyabr

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının birgə iclası keçirilib. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyə  Milli Məclisin İntizam komissiyasının Əsasnaməsinin layihəsi haqqında məsələ daxildir. 

Ə. Hüseynli qeyd edib ki, Azərbaycan Konstitusiyası, Milli Məclisin Daxili Nizamnaməsi, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun intizam məsələlərini özündə ehtiva edir: “Prezident İlham Əliyev Altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında parlamentə bir sıra tövsiyələr verib. Onların bir hissəsi də intizam məsələləri ilə bağlı idi”. 



Milli Məclisin İntizam komissiyasının Əsasnaməsinin layihəsi haqqında (birinci oxunuş) məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov nəzərə çatdırıb ki, layihənin hazırlanmasına bu ilin aprel ayında başlanılıb. Layihə 9 maddədən ibarətdir. Burada ümumi müddəalar, intizam komissiyasının təşkili, səlahiyyətləri, komissiyanın iclaslarının aparılması qaydaları, komissiya üzvlərinin hüquqları və vəzifələri, barəsində araşdırma aparılan deputatın hüquqları və vəzifələri, müraciətlərə, təqdimatlara və məlumatlara baxılması qaydası və müddətləri, komissiyanın fəaliyyətinin təmin edilməsi və digər məsələlər öz əksini tapıb. 

İclasın sonunda Milli Məclisin İntizam komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.


Oxunma sayı: 1860

Oxşar yazılar