Naqif Həmzəyev: Prosesə seyrçi yanaşma vəziyyəti daha da gərginləşdirir

  • 13:32 - 17 Sentyabr

İyul ayının 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz istiqamətində təxribata əl ataraq atəşkəsi pozmasından, dinc əhalini atəşə tutmasından 3 aya yaxın müddət keçib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlarda vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk Qrupunun həmsədrləri isə bəlli müddətdən sonra sərhəddəki gərginliyə diqqət ayırıb, Parisdə “intensiv məsləhətləşmə” aparıblar.

Avropa.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, son iki yüz il ərzində işğalçı ermənilər tərəfindən bir neçə dəfə əzəli-əbədi yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalmış azərbaycanlıları narahat edən başlıca məqamlardan biri ATƏT-in Minsk Qrupunun Ermənistanın işğalçılıq, qanunsuz məskunlaşdırma siyasətinə hansısa formada etiraz etməməsidir. 

ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında baş tutan “intensiv məsləhətləşmələr”də Azərbaycan və Ermənistan XİN başçılarını yaxın həftələrdə “qeyd-şərtsiz” danışıqlara başlamağa çağırıb. Həmsədrlər bəyanatda qeyd ediblər ki, “iyul ayında Ermənistan-Azərbaycan sərhədində yaşanmış gərginliyə xüsusi diqqət ayıraraq, regiondakı vəziyyəti müzakirə ediblər”. Həmsədrlər Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Manatsakanyanla ayrılıqda telefonla danışıblar. Telefon danışığında hər iki ölkənin nazirinə növbəti həftələrdə öz mövqelərini daha aydın şəkildə bəyan etməyə, heç bir ilkin şərt olmadan substantiv danışıqların bərpası məqsədilə onları ATƏT-in Minsk Qrupu həmsədrləri ilə fərdi olaraq üzbəüz görüşə dəvət ediblər. 

Dağlıq Qarabağ münaqişəsini nizama salmaq missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun beynəlxalq aləm tərəfindən təcavüzkar və işğalçı ölkə kimi tanınan Ermənistanın qanunsuz əməlləri ilə bağlı qəti qərar verməməsi eyni zamanda həmsədrlərin fəaliyyətinə çiddi xələl gətirir, bu quruma olan inamı, etibatı heçə endirir. 

BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq bu ölkə Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam edir. BMT Təhlükəsizlik Şurasının qətnamələri hüquqi baxımdan məcburidir və onların icrası hər bir dövlətin öhdəliyidir. Lakin buna baxmayaraq, işğalçı Ermənistan bu 4 qətnamənin tələblərinin yerinə yetirilməməsinə görə hələ də məsuliyyətə cəlb olunmayıb. ATƏT-in Minsk Qrupu həmsədrlərinin aşkar uğursuzluğunun bir səbəbi də qətnamələrin icrasını təmin etməməsidir. 

ATƏT-in Minsk Qrupu həmsədrlərindən təcavüzkarla təcavüzə məruz qalan tərəfin ədalətli şəkildə fərqləndirəcəklərinə, məsələyə obyektiv, hüquqi qiymət veriləcəyinə artıq inam qalmayıb. Tovuz hadisələri, Livan və Suriyada yaşayan ermənilərin müxtəlif vədlərlə aldadılaraq Dağlıq Qarabağa köçürülməsi, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi siyasəti ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən birmənalı şəkildə və qətiyyətlə pislənməlidir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin prosesə seyrçi mövqedən yanaşması vəziyyəti daha da gərginləşdirir. 

ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı müzakirə edilməməli, tezliklə münaqişənin beynəlxalq hüquq prinsip və normaları əsasında həllinə nail olmalıdır. Öz əzəli-əbədi torpaqlarıpndan didərgin salınmış bir milyondan çox soydaşlarımız doğma ocaqlarına qayıtmalıdır.


Oxunma sayı: 1200

Oxşar yazılar