"Anadolu bizim üçün necə Vətəndirsə, Qarabağ da bizim üçün elə Vətəndir” - Səfir Erkan Özoral

  • 13:22 - 16 Sentyabr

"Anadolu bizim üçün necə Vətəndirsə, Qarabağ da bizim üçün elə Vətəndir”.

Bu sözləri “APA TV”nin canlı efirində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, Qarabağın işğal altında olması eynən onların öz torpağının işğal olması kimidir: “Bu torpaqlar tez bir zamanda işğaldan azad edilməlidir. Öz doğma torpaqlarından qaçqın və köçkün düşən həmvətənlilərimiz öz evlərinə qayıtmasını ürəkdən arzu edirik. ATƏT-in Minsk qrupu indiyə qədər aparılan danışıqlarda müsbət nəticə əldə etməyib. 30 ildir, ortada böyük bir haqsızlıq var, lakin heç kim bu haqsızlığın aradan qaldırılması istiqamətində bir addım atmayıb. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinə buradan xəbərdarlıq edirik. Ortada olan ədalətsizlik aradan qalxmayınca Azərbaycanda olan qəzəb daha da böyüyəcək. Ən böyük öncəliyimiz Qarabağ məsələsinin diplomatik yollarla həllini tapmasıdır. Lakin qarşımızdakıların da bunu bilməsi lazımdır ki, hər kəsin bir yerə qədər səbri var. Azərbaycan bu məsələdə yetəri qədər səbir göstərdi”.

"Türkiyə Azərbaycanın müstəqilliyini gücləndirmək üçün əlindən gələni edib. Bu dəstək siyasi, iqtisadi, hərbi, təhsil, mədəniyyət sahəsində olub. Bu gün bütün sahələrdə çox möhkəm münasibətlər və əməkdaşlıq var. Bildiyiniz kimi viza rejimi ləğv olundu, 90 gün iki ölkə vətəndaşları bir-birinin ölkəsində qala bilər. Növbəti hədəfimiz pasportla gediş-gəlişi qaldırmaqdır. Son 30 ildə əlaqələr çox yüksək səviyyəyə çatıb", - səfir bildirib.

Səfir qeyd edib ki, bu gün Türkiyə Azərbaycanın qeyri-neft sektorunda ən böyük investorlardan biridir: "Hər gün dəyişən, inkişaf edən Azərbaycan görürük. Bu gün Azərbaycan dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyi məsələsində çox vacib bir yerə sahib ölkədir, gücdür. Azərbaycan Qafqazda gücə çevrilib. Biz də Azərbaycandan güc alırıq. Qardaşımızın belə güclü olmasından qürur duyuruq".

“Ermənilər bir neçə ay əvvəl Tovuz bölgəsində təxribatlar törətdilər. Şəhidlərimiz oldu. Təxribatlar hələ də davam edir. Ötən gün daha bir hərbçi yaralanıb. Ermənilər baş verənlərdən bir dərs çıxarmırlar. Artıq hər kəsin ağlını başına alması gərəkdir. O bildirib ki, Qarabağ probleminin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmalıdır: “Azərbaycanın haqqı və hüquqi tanınmalıdır. Öz torpaqlarından qaçqın düşən qardaşlarımız torpaqlarına qayıtmalıdır. Bunun üçün vaxt çoxdan gəlib keçib” - Erkan Özoral deyib.


Oxunma sayı: 2036

Oxşar yazılar