İş adamından Kəmaləddin Heydərova müraciət : "Orucəli Haciyev qanunsuzluqla obyektimi bağlatdırdı, nazirlik əməkdaşı isə "mən reketəm" deyir"

  • 17:12 - 14 Sentyabr

Zərdab rayon Pərvanlı kənd sakini, iş adamı Rüsdəmov Güləhməd Məhəmməd oğlu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edib. 

Avropa.info-ya daxil olan müraciətdə iş adamı Fövqəladə Hallar hazirinin müavini Orucəli Hacıyevin onun biznesinə mane olduğunu bildirib.

"Cənab Nazir! Mən Rüsdəmov Güləhməd Məhəmməd oğlu Zərdab şəhərində Əmlak Komitəsindən hərrac yolu ilə iki yanacaq doldurma məntəqəsi almışam. Onlardan birinin Zərdab rayon İcra hakimiyyətinin göstərişi ilə təmir etdirmişik. Bütün qrumlardan lazımı sənədləri toplayaraq fəaliyyətə başlamışıq. 2020-ci ilin fevral ayından may ayının 5-nə qədər yanacaq doldurma məntəqəsi fəaliyyət göstərib. Lakin, Fövqəladə Hallar Nazirliyinin Dağ-Mədən İdarəsində çalışan Üzeyir Namazov və Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev heç bir əsas olmadan yanacaq doldurma məntəqəsini bağlatdıraraq, heç bir əsas göstərmədən fəaliyyətimizə mane olurlar.

Kəmaləddin Heydərovun müavini oğluna dəbdəbəli toy etdi

                                                                                                      ORUCƏLİ HACIYEV

Mən dəfələrlə Üzeyir Namzovun yanında olmuşam. "Mənə fəaliyyətimizi davam etdirmək üçün bir yol göstərin" dedikdə, mənə "Orucəli müəllimin dostu Sadiqdən icazə alın" dedi. Mən , "Sadiq nazirlikdə hansı vəzifədədir" soruşduqda, Üzeyir Namazov gülərək, "sizinlə üzbə-üz yerləşən yanacaq doldurma məntəqəsinin sahibidir" dedi. Üzeyir Namazov, Sadiq adlı şəxsin Orucəli Hacıyevin dostu olduğunu, bu səbəbdən də bizim yanacaq doldurma məntəqəsinin fəaliyyətinə icazə verilməyəcəyini bildirdi. 

Cənab Nazir! Mən dəfələrlə sizə rəsmi bir neçə teleqram vurdum və məktub yazdım. Dərhal Orucəli Hacıyevin köməkçisi İsgəndər mənə zəng vurub nazirliyə dəvət etdi. Mən nazirliyə, Orucəli müəllimin qəbuluna gəldim. Orucəli müəllim məni çox yüksək səviyyədə qarşıladı.Başıma gələnləri ona danışdım.Təqribən bir saat söhbət etdik. Mənə dedi ki, cənab Prezidentin tapşırığı var sahibkarlar toxunulmazdır.Üzeyir kimdir ki,sizə maneəçilik törədir? Sən en aşağı mərtəbədə gözlə, Üzeyiri indi çağırtdıracam. Təqribən yarım saat sonra məni Orucəli müəllimin kabinetinə çağırdılar. Mənim yanımda Orucəli müəllim Üzeyirə dedi ki, sənin Prezidentin fərmanından xəbərin yoxdu? Bu kişi vergi ödəyicisidir. Durun gedin bu kişinin sənədlərini verin.Mən də sevincək halda getdim Dağ-Mədən İdarəsi yerləşən binaya. Məni rəisin otağına göndərdilər.Rəis Səmədağa müəllim və əlavə iki nəfər əməkdaş Üzeyir Namzavovu gözləyirdik. Zəng etdilər Üzeyir Namazova. Üzeyir Namazov cavab verdi ki, mənim başım ağrıyır evə yatmağa gedirəm. Əslində biz sənədi FHN-in Aran Regionaldan almalıyıq. Oranın da rəisi Orucəli Hacıyevin yaxın qohumu Rauf Hacıyevdir. Bura qədər nə sənəd toplamışıqsa Aran Regionaldan almışıq. Lakin, indi sənəd verməkdən imtina edirlər. 

Məni süründürməçiliyə salıb aldatdıqları üçün, komissiya tələb etdim. Komissyanın sədri kimi Məmmədov Rauf adlı bir FHN əməkdaşı gəlib baxış keçirdi. Mən ondan aktın yazılı bir sürətinin mənə verilməsini xahiş etdim. Mənə dedi ki, arxayın ol bizi Orucəli müəllim göndərib. Problemin həll olunacaq. Mən də onlara inandım. Gedəndən bir neçə gün sonra mənə akt göndərildi. Həmin akt obyektə baxış keçirilən zaman yazılan aktdan tamamilə fərqli idi. Mən yenidən  Orucəli Hacıyevə və bütün qrumlara müraciət etdim.Yenidən komissiya quruldu. LakinŞ sədri yenə də Rauf Məmmədov idi. O, əlində hazır aktla gəlmişdi.Gələn kimi başladı bizi təhqir etməyə. "Sizi qandırmağa gəlmişəm" dedi. Mən gördüm bu əməkdaş bizimlə dalaşmaq istəyir.Video çəkiliş etdik. Mən dedim ki,madam hazır aktla gəlmisən verin mən öz sözlərimi aktın altından yazım. Gülərək dedi ki, al nə istəyirsən yaz. Mən aktın altından narazılığımı söz ilə yazdım. Aradan bir neçə dəqiqə keçmişdi ki gördüm komissiya üzvlərinə akt paylayır.Mən baxdım ki, bu mənim narazılğımı yazdığım akt deyil. Dedim müəllim niyə belə edirsiniz? Mənə uca səslə "yaxşı edirəm kefim belə istəyir" dedi. Mən dedim siz dövlət məmurusunuz reket deyilsiniz. 40-50 adamın yanında uca səslə "mən reketəm, qoçuyam, mənim kefim belə istəyir. Get kimə deyirsən de" dedi. Mənim yanımda Aran Regionalın rəisi Rauf Hacıyev, Orucəli Hacıyevin qohumu dayanmışdı. Mən dedim Rauf müəllim mən sizdən xahiş edirəm nazirliyə təqdimat yazın. Mən bir neçə dəfə də Aran Regionala getdim. Mənə Rauf Hacıyev dedi ki, mən qorxuram.Onu edə bilməyəcəm.Mən təzədən FHN-ə Orucəli Hacıyevin qəbuluna getdim. Yenə də məni yola verməyə cəhd etdi. 

Cənab Nazir! Orucəli Hacıyev və onun qohumu Rauf Hacıyev hər dəfə bizi yola vermək üçün bir bəhanə tapırlar. Bütün sənədlərim qaydasında olmağına baxmayaraq, mənim biznesimin işləməsinə mane olurlar. Cənab Nazir! Mən sizə dəfələrlə müraciət etmişəm. Lakin, mənim yazdıqlarım sizə gedib çatmır. Sizdən xahiş edirəm Orucəli Hacıyev və onun komandasının haqsızlığına son qoyulsun.Əvvəlcədən minnətdarlığımı bildirirəm" - İş adamının müraciətində belə deyilir.

Redaksiyadan: Adı çəkilən şəxslərin və FHN-in mövqeyini dərc etməyə hazırıq.

Avropa.info


Oxunma sayı: 28458

Oxşar yazılar