Ləğv olunan bankların əmanətçilərinə ödənilə kompensasiyanın məbləği açıqlandı

  • 13:58 - 12 Sentyabr

Bu ilin iyunun 16-dan sentyabrın 11-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 180,65 mln. manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalaması Fondunun (ADIF) məlumatına görə, "AGBank" üzrə 3 851 əmanətçiyə 70,85 mln. manat, "NBCBank" üzrə isə 3 778 əmanətçiyə 109,79 mln. manat kompensasiya verilib. 

İyunun 1-dən sentyabrın 11-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 336,45 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 465 əmanətçiyə ödənilən məbləğ 129,74 mln. manat, "Atabank" üzrə isə 8 940 əmanətçiyə 206,70 mln. manat kompensasiya verilib. 

Ümumilikdə, sentyabrın 11-nə ləğv prosesində olan 4 bank üzrə 22 034 əmanətçiyə 517,1 mln. manatdan çox kompensasiya ödənilib.

Fond tərəfindən son bağlanan banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir, tam ödənilmə prosesi qısa zaman ərzində qanunla müəyyən olunan qaydada yekunlaşdırılacaq.


Oxunma sayı: 7712

Oxşar yazılar