Rusiya Azərbaycana qarşı Ermənistanı niyə silahlandırır ? - Moskvanın Türkiyə PUA-ları qorxusu ... (TƏHLİL)

  • 14:41 - 11 Sentyabr

"Tovuz hücumundan sonra Rusiyanın Ermənistana silah daşıması Moskvanın İrəvanı silahlandırmasına dair ilk hadisə deyil. Ermənistan-Azərbaycan arasında 1994-ci ildə imzalanan atəşkəs müqaviləsindən əvvəl və sonra Rusiyanın Ermənistanı silahlandırması mütəmadi olaraq gündəmdə olub. Bu dövrdə Rusiya Ermənistana birbaşa silah yardımı etmiş və ya kredit ayıraraq Rusiya daxili bazarı qiymətindən satmışdır."

Avropa.info xəbər verir ki, bu sözlər Türkiyənin “Anadolu” agentliyinin dərc etdiyi təhlildə yazısında deyilir. Agentliyin təhlil yazısında Rusiyanın Ermənistanı silahlandırmasının səbəbləri və Azərbaycan-Türkiyə hərbi müttəfiqliyindən də bəhs edilir.

"Məsələn, 1997-ci ildə Rusiya Federasiyası Federal Məclisinin alt qanadı olan Dövlət Dumasının Müdafiə Məsələləri Komissiyasının sədri Lev Rokhlinin hazırladığı hesabatla, 1993-1996 illər arasında Rusiyanın Ermənistana 1 milyard dollarlıq silah yardımı etdiyi ortaya çıxdı. Digər tərəfdən, 2008-ci ildə də Rusiyanın yenə Ermənistana 800 milyon dollarlıq silah verdiyi mətbuata yazıldı. Tovuz hücumlarından sonra 19 avqustda mətbuata açıqlama verən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan, 2010-2018 illəri arasında Rusiyanın Ermənistana 50 min tondan artıq silah göndərdiyini bildirmişdi. İki ölkə arasında 2015-ci ildə imzalanan kredit müqaviləsi ilə Rusiyadan silah alması üçün Ermənistana 200 milyon dollar kredit ayırmış və bu kredit çərçivəsində Ermənistan Rusiyadan daxili bazar qiymətinə silah almışdı. 2016-cı ildə baş verən 4 günlük müharibədə Azərbaycanın bəzi strateji üstünlükləri erməni işğalından azad etməsindən sonra Rusiya Ermənistana "İsgəndər" raketlərini yerləşdirib. Rusiyadan bu silahları aldıqdan sonra erməni rəsmiləri Azərbaycan və Türkiyənin birgə enerji və nəqliyyat layihələrini vurmaqla təhdid etməyə başladılar. 

Rusiya-Ermənistan hərbi əlaqələri bununla bitmir. Ermənistanla Rusiya arasında 1992-ci ildə imzalanan müqavilə əsasında günümüzdə də Türkiyə-Ermənistan və İran-Ermənistan sərhədləri rus əsgərləri tərəfindən qorunur. Bu da təbii olaraq Ermənistan tərəfinin bütün hərbi gücünü Azərbaycana qarşı istifadə etməsinə imkan verir. 1995-ci ildə tərəflər arasında imzalanan müqavilə ilə Rusiyanın Gümrüdə 5 min nəfərlik bir hərbi bazası var və bundan başqa Ermənistan Rusiyanın təklifi ilə yaradılan Kollektiv Təhlükəsizlik Təşkilatının da üzvüdür.

Mütəxəssislər Rusiya-Ermənistan arasında hərbi əməkdaşlığın siyasi və geosiyasi səbəblərini dörd fərqli aspektdən qiymətləndirirlər. Birincisi, NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq. İkincisi, Türkiyəni şərqdən təzyiq altında saxlamaq. Üçüncüsü, Ermənistanı hərbi və siyasi baxımdan özünə asılı vəziyyətdə saxlamaq. Dördüncüsü, Ermənistan-Azərbaycan arasındakı hərbi balansı qorumaq. Sonuncu səbəb, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında status-kvonun davam etməsi anlamına gəlir. Çünki silahlandırılan Ermənistan sülh danışıqlarında hər hansı bir müsbət addım atmaqdan çəkinir. Amma yuxarıda bəhs edilən dörd səbəbin hamısı  zaman və məkanına görə əhəmiyyət daşıyır.

                             Rusiyanın Ermənistana son silah tədarükünün səbəbi Türkiyə PUA-larıdırmı?
 

İnsansız hərbi vasitələrin döyüş vasitəsi olaraq istifadə edilməyə başlanması müharibənin gedişinə, savaşan tərəflərin qabiliyyətinə və savaşın nəticəsinə dərindən təsir edir. Torpaqları işğal altında olan Azərbaycan da bunu nəzərə alaraq hərbi inventarına PUA-lar daxil edib. Azərbaycan tərəfi bu silahlardan 2016-cı ilin aprel ayında baş verən dörd günlük müharibədə və son Tovuz hadisələrində istifadə edərək işğalçı tərəfə qarşı ciddi üstünlük əldə etdi. Bu əslində gələcəkdə baş verəcək daha ciddi bir müharibədə PUA-ların Azərbaycana üstünlük verəcəyinin göstəricisidir. Belə ki, Türkiyənin istehsal etdiyi PUA-ların əldə etdiyi nailiyyətlər bir çox dövlət kimi Azərbaycanın da diqqətini çəkirdi. Türk PUA-larının Suriya və Liviyadakı uğurlarından sonra Azərbaycan mətbuatında tez-tez Türkiyənin istehsal etdiyi PUA-ların önəmini qeyd edən xəbər və təhlillər yer alır. Xüsusilə Suriyada və Liviyada Rusiya istehsalı silahlara qarşı Türk PUA-larının uğuru diqqətçəkən oldu. Çünki, Ermənistan da əsasən Rusiya silahlarından istifadə edir.

Bu vəziyyət Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq üçün yeni zəmin formalaşmasına səbəb oldu. Xüsusən, Azərbaycan və Türkiyə arasında 25 fevral 2020-ci ildə Bakıda keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında tərəflər arasında imzalanmış Təmənnasız Hərbi Yardım Müqaviləsi ilə Türk PUA-larının Azərbaycana gətiriləcəyi kimi qiymətləndirilir. Türkiyə Müdafiə Sənayesinin rəhbəri İsmayıl Dəmirin, "Müdafiə sənayemiz, PUA-larmızdan hərbi texnikalarımız və raketlərimiz, elektronik hərb sistemlərimizə qədər bütün texnologiya və qabiliyyətlərimiz hər zaman Azərbaycanın sərəncamındadır," şəkilində bir açıqlama verərək,  Azərbaycanı müasir texnologiyalar baxımından dəstəkləməyə hazır olduqları mesajını açıq bir şəkildə ifadə etdi. Bundan sonra, Türk PUA-larının Azərbaycana verilməsi üçün tərəflər arasında lazımi prosedurun başa çatdığına dair xəbərlər mətbuatda yer aldı. 

Əlbəttə, Türkiyədən gələcək PUA-lar sadəcə daha böyük bir döyüşdə deyil, eyni zamanda taktika müharibəsində də Azərbaycana işğalçı Ermənistan qarşısında üstünlük verərdi. Bu xəbərlərdən sonra, 23 iyul tarixində Ermənistanla Rusiya arasında PUA-lara qarşı mübarizə üçün birgə təlim keçirildi.

Bu xəbərlərdən sonra, Azərbaycan prezidenti İlham Əliyev 12 avqust tarixində Rusiya prezidenti Vladimir Putinlə telefonla danışaraq Azərbaycan xalqının bu xəbərlərdən narahat olduğunu və Rusiyadan Ermənistana silah daşımalarının səbəblərini öyrənmək istədiyini deyib. Putinin İlham Əliyevə nə cavab verdiyi Rusiya tərəfindən açıqlanmadı, ancaq rus mətbuatının bu silahların Ermənistandakı 102-ci Rusiya hərbi bazasına göndərildiyini yazması Azərbaycanı qane etmədi. 

Telefon danışığından bir gün sonra prezident İlham Əliyev Türkiyə Müdafiə naziri Hulusi Akarla Bakıda keçirdiyi görüşdə bunları qeyd etdi: "Digər sahələrdə olduğu kimi, hərbi və əsgəri-teknoloji sahədə də əməkdaşlığımız sürətlə inkişaf edir. Türkiyənin güclü hərbi-sənaye potensialına malik olduğu gizli deyil və biz bu potensialdan istifadə edirik. Biz Türkiyənin mürəkkəb silahlar və hərbi avadanlıq istehsal etməsindən məmnunuq. Mən digər sahələrdə olduğu kimi hərbi-teknoloji sahədə də gələcəkdə Türkiyənin Azərbaycan üçün bir nömrəli tərəfdaş olacağına əminəm". Xüsusilə son cümlə iki ölkənin hərbi əlaqələri baxımından olduqca mühümdür. Çünki son beş ildə Azərbaycanın silah ticarəti tərəfdaşları arasında Türkiyə üçüncü sıradadır və tərəflər arasında yeni əməkdaşlıq ilə birinci sıraya yüksəldilməsi məqsədi güdülür.

Prezident İlham Əliyevin Putinlə telefon danışığı və sonra Hulusi Akarla görüşündə Türkiyə ilə hərbi-teknoloji əməkdaşlığa yönəlik açıqlamaları Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun 25 avqustda Azərbaycana gəlməsinə səbəb oldu. Şoyqu səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə də görüşüb. Görüşdə İlham Əliyevin Rusiyaya münasibətlərdən bəhs edərkən tez-tez istifadə etdiyi "strateji münasibətlər" ifadəsindən istifadə etməməsi diqqət çəkib. Şoyqu Azərbaycan Müdafiə naziri Zakir Həsənovla görüşündə Ermənistana niyə silah göndərdiklərini belə açıqladı: "Ermənistana gedən təyyarələr silah deyil, orada əsgərlərin mübadiləsini həyata keçirmək və bazadakı əsgərlərin vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyır". 

Lakin, Şoyqunun bu açıqlaması Azərbaycanı qane etmədi. Azərbaycan Prezidentinin köməkçisi və Prezidentin Xarici Siyasət İdarəsinin rəhbəri Hikmət Hacıyev bu açıqlamanın Azərbaycanı qəne etmədiyini bildirdi. Azərbaycanda ümumi qənaət, Rusiya tərəfindən Ermənistana göndərilən silahların bir qisminin Ermənistana, bir qisminin isə Ermənistan vasitəsi ilə işğal olunmuş Azərbaycan ərazilərinə göndərildiyi şəklindədir. Bu isə işğalın və işğalçının dəstəklənməsi anlamına gəlir.

Azərbaycan və Türkiyə son illərdə Rusiyanın bölgədəki maraqlarına hörmət edərək, Moskvanın qırmızı cizgilərinə toxunmadılar. Bundan başqa, Ankara və Bakı son illərdə Rusiyaya qarşı edilən sanksiyalara dəstək vermədilər və Rusiya əleyhinə olan alyanslar içində yer almadılar. Lakin Ermənistanın silahlandırılması Rusiyanın da altına imza atdığı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması, yəni, Azərbaycan torpaqlarında işğalın davamı anlamına gəlir. Rusiya Ermənistanı silahlandırmaqla təkcə işğalçını dəstəkləmir, eyni zamanda Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Minsk Qrupu həmsədrliyi çərçivəsində üzərinə götürdüyü obyektivlik vəzifəsini pozur. Digər tərəfdən, Türkiyə-Ermənistan sərhədində yerləşən 102-ci Rus Hərbi Bazasının 2013-ci ildən bəri niyə genişləndirildiyi və davamlı olaraq silahlandırıldığı da bir sual işarəsi olmağa davam edir" - Anadolu agentliyinin analiz yazısında belə deyilir.

Avropa.info


Oxunma sayı: 58158

Oxşar yazılar