Bakı quberniyasında tarixi-mədəni sərvətlərimizə qarşı erməni vandalizmi – Dəhşətli faktlar

  • 10:33 - 20 Avqust

Bu gün Ermənistan Respublikası tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində - Qarabağın dağlıq hissəsində və ətraf rayonlarda azərbaycanlıların milli dəyərlərinin məhv edilməsi ilə müşayiət olunan vandalızm siyasəti erməni millətçilərinin iki əsrdən artıq tarixi Azərbaycan torpaqlarında həyata keçirdikləri etnosid siyasətinin tərkib hissəsdir. Bu siyasət Azərbaycanın Rusiya tərəfindən işğalı ilə başlamış və bu gün də davam etdirilir.

XX əsr Azərbaycan xalqının taleyində mühüm yer tutan tarixi bir mərhələdir. Bu dövr ərzində Azərbaycan böyük inkişaf rolu keçmiş, siyasi, iqtisadi mədəni sahələrdə mühüm uğurlara imza atmışdır. Bununla yanaşı XX əsrdə Azərbaycan xalqı bir sıra məhrumiyyətlərlə də üzləşmiş, onun tarixi torpaqları zəbt edilmiş, yüz minlərlə soydaşımız soyqırımlarına, deportasiyalara məruz qalmışdır. Bu faciələrin əsas səbəbi isə mahiyyətində türk-islam dünyasına nifrət duran erməni millətçiliyi olmuşdur. Qeyd edildiyi kimi, Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsindən sonra çarizm bu regionda özünə etnik-dini dayaq yaratmaq üçün Azərbaycan torpaqlarına kütləvi şəkildə erməniləri köçürmüş, bu vaxta qədər regionun ayrı-ayrı yerlərində milli azlıq şəkilində yaşayan ermənilərin sayı tədricən artmağa başlamışdır. Çar hakimiyyətinin hərbi, siyasi, maliyyə dəstəyinə arxalanan ermənilər öz yaşayış areallarını genişləndirərək Cənubi Qafqazın bütün şəhər v bölgələrində məskunlaşmağa, siyasi və iqtisadi gücə çevrilməyə başlamışdılar. Bundan sonra erməni millətçiliyi Daşnakstyun, Hnçak və digər siyasi təşkilatlar yaradaraq regionun yerli xalqlarına qarşı ərazi iddiaları irəli sürməyə başladılar

Rusiyanın Cənubi Qafqazda özünə etnik-dini baza yaratmaq məqsədi ilə İran və Türkiyədən Azərbaycanın müxtəlif bölgələrinə köçürərək yerləşdirdikləri ermənilər çar hakimiyyət orqanlarının onlara dəstək siyasətinə arxalanaraq yerləşdikləri ərazilərdə azərbaycanlılara qarşı əsil genosid həyata keçirmiş, yüz minlərlə müsəlmanı məhv etmiş, öz doğma yurd-yuvalarından didərgin salmışlar. 

Erməni millətçi ideoloqları Osmanlı imperiyasını məhv etmək üçün Avropa  dövlətlərinin və Rusiyanın ortaya atdıqları “Erməni məsələsi”nin gündəmdə olmasından istifadə edərək Osmanlı imperiyası və Cənubi Qafqaz ərazisində “Böyük Ermənistan” ideyasını gerçəkləşdirməyə fürsət axtarırdılar. Belə bir fürsət I Dünya müharibəsinin alovlanması ilə ələ düşdü. Ermənilər kütləvi şəkildə Osmanlı Türkiyəsinə qarşı vuruşan dövlətlərin ordularının tərkibinə qatılmışdılar. Təkcə Rusiya ordusunda 150 min erməni vuruşurdu. Anadolunun şimal-şərq hissəsində və İrəvan quberniyasında rus qoşunlarının tərkibində osmanlılara qarşı döyüşən erməni alayları yerli müsəlmanlara qarşı xüsusi“qəhrəmanlıqlar” göstərmişdilər. Məhz erməni dəstələrinin keçirdikləri hərbi əməliyyatlar nəticəsində Qars, Ərdahan, Ərzurum, Sürməli, Van, Kağızman, Batum və s. bölgələrdə dinc müsəlmanlara kütləvi divan tutulmuş, onların yaşadıqları kəndlər və şəhərlər xarabalığa çevrilmişdi. 

1917-ci ildə Rusiyada cərəyan edən hadisələr Rusiya imperiyasının dağılmasına gətirib çıxardı. 1918-ci ilin əvvəllərində Qərb cəbhəsindən qayıdan erməni hərbi hissələri Bakıda toplaşaraq burada azərbaycanlılara qarşı törədilmiş soyqırımının əsas iştirakçılarına çevrildilər. Az müddətdən sonra erməni hərbi qüvvələri Bakıda hakimiyyəti ələ keçirmiş, əsas özəyini bolşevik-daşnak tandemi təşkil edən Bakı Sovetinin silahlı qüvvələrinin - Qafqaz Qırmızı ordusunun aparıcı qüvvəsi oldular. Bir çox mənbələrdə bu ordunun 80, 90, hətta 95 faiz ermənilərdən ibarət olduğu qeyd olunur. Sovet qoşunlarının bölmələrinə də əsasən erməni zabitlər rəhbərlik edirdilər. Sovet Ordusunun ali baş komandanı isə Bakı XKS-nin sədri S. Şaumyan, Qafqaz Qırmızı Ordusunun komandiri Q. Korqanov, korpus komandiri Kazarov, qərargah rəisi Avetisov və başqaları erməni idi. Bakını və bütün Azərbaycanı türk-müsəlman əhalidən təmizləmək məqsədilə 1918-ci ilin martın sonlarında daşnak-bolşevik qüvvələri dinc insanlara qarşı kütləvi qətl və qarətlər həyata keçirdilər. Həmin faciəvi hadisələr nəticəsində əksəriyyəti qadın, uşaq və qoca olan 12 mindən çox dinc insan qətlə yetirildi. Bu sayda günahsiz insanın öldürülməsi öz mahiyyətinə, metodlarına və miqyasına görə əsil genosid idi. Həmin hadisələr zamanı erməni-bolşevik silahlı qüvvələri ağır toplardan, gəmi artilleriyasından və hətta aviasiyadan istifadə etmişdilər. 

Kütləvi artilleriya və bombardman atəşləri nəticəsində Bakıda müsəlmanlara məxsus yüzlərlə bina və ev məhv edilmişdi ki, onların arasında Azərbaycan xalqının maddi mədəniyyət inciləri – İçəri şəhər, Şirvanşahlar sarayı, İsmailiyyə binası, Təzə pir məscidi xüsusi yer tutur. Həmin hadisələrin şahidlərinin ifadələrindən məlum olur ki, ermənilər azərbaycanlılara məxsus olan binaların dağıdılmasında xüsusi canfəşanlıq göstərmişdilər. Erməni vandalları tərəfindən Bakının mühüm memarlıq nümunəsi, azərbaycanlıların siyasi və mədəni mərkəzi rolunu oynayan “İsmailiyyə” sarayının yandırılması xüsusi məqsədlər güdən planlaşdırılmış aksiya idi. Azərbaycan memarlığının mühüm nümunəsi hesab edilən bu bina Azərbaycan xalqının, bütün Qafqaz müsəlmanlarının həyatında böyük rola malik ictimai əhəmiyyətli yer idi. Bu möhtəşəm binada Müsəlman Xeyriyyə cəmiyyəti, Bakı müsəlman komitəsinin və komitənin arxivi yerləşirdi. Bina azərbaycanlıların yığıncaq və qurultaylarının (o cümlədən 1918-ci ildə Ümumqafqaz Müsəlman qurultayının) keçirildiyi əsas məkan idi. Burada həmçinin müxtəlif partiyaların, o cümlədən müsəlman bolşevik təşkilatı “Hümmət”in təşkilatları yerləşirdi. Ona görə də ermənilər “İsmailiyyə”ni yandırmaqla həm də Azərbaycan milli hərəkatına zərbə vurmaq istəyirdilər. Ermənilər həmçinin İsmailiyyə binasının yaxınlığında yerləşən, zirzəmisində 5000 nüsxəlik Quran olan “Каспий” qəzetinin binasını da külə döndərmişdilər[i]. Erməni vandallarının əsas hədəfləri arasında məscidlər xüsusi yer tuturdu. Onlar yaxşı bilirdilər ki, təqiblərdən qurtarmağa çalışan qadın və uşaqların əksəriyyəti məscidlərə sığınmışdılar. Ona görə də ermənilərin əmri ilə müsəlman məhəllələrini bombardman edən hərbi gəmilər məscidləri də nişan almışdılar. Təkcə Təzə pir məscidində 50-60 eybəcər hala salınmış və başı kəsilmiş meyid var idi.[ii] Ağabəy Səfərəliyevin soyadlı şəxsin ifadəsinə görə o, məscidlərə baxış keçirərkən dəhşətli dərəcədə eybəcər hala salınmış meyidlərə rast gəlmişdi, məscidlərin həyətləri döşləri, qulaqları, burnu kəsilmiş, gözləri çıxarılmış qadın meyidləri ilə dolu idi. Ermənilər uşaq, qoca, qadın olmalarına baxmayaraq bütün meyidləri eybəcər hala salmışdılar[iii]. Artilleriya atəşləri ilə dağıdılmış ibadət yerləri arasında ətraf məhəllələri ilə birlikdə atəşə məruz qalmış şəhərin ən böyük “Təzə pir məscidi, Şirvanşahlar sarayı kompleksinə daxil olan XIV əsrə aid Keyqubad məscidi, “Bəhai” məscidi, Hacı İmamverdi məscidi, Bibi Heybət məscidi, Hacı Əjdər bəy məscidi də var idi. Şəhərin mərkəzindən bir qədər aralıda yerləşən Şamaxı (Şirvanlılar) məscidi yandırılmasa da məscidə ciddi ziyan dəymişdi. Əgər “İsmailiyyə” binasını və “Каспий” qəzetinin binasını ermənilər od vurub yandırmışdılarsa, məscidlər əsasən gəmilərdən açılmış toplarla, iri çaplı silahlarla dağıdılmış, şəhərin müsəlmanlar yaşayan bütöv məhəllələri yerlə yeksan edilmişdi. 1918-ci ilin qanlı mart faciələri günlərində ermənilər “İçəri şəhər”in qala divarlarını artilleriya mərmiləri ilə dağıtmışdılar. Əsasən müsəlmanların istifadə etdikləri “İslamiyyə” mehmanxanası (tamamilə yandırılmışdı), “İskəndəriyə” mehmanxanası, “Səadət” xeyriyyə cəmiyyətinin binası, “Təbriz” mehmanxanası, “Dağıstan” mehmanxanası (tamamilə yandırılmışdı) da ciddi dağıntılara məruz qalmışdı. Ermənilər həmçinin Bakının o zaman memarlıq simasını müəyyənləşdirən müsəlmanların istifadə etdiyi digər ictimai binaları, eləcə də imkanlı azərbaycanlıların yaşadıqları evləri və binaları da hədəfə götürmüşdülər. Ən kiçik hesablamalara görə şəhərə 400 mln. rubl ziyan dəymişdi[iv]. Lakin həmin hadisələr zamanı ermənilərə məxsus heç bir bina, mədəniyyət ocağı, ev, kilsə ziyan görməmişdi. Əksinə onlardan əsir götürülmüş müsəlmanları saxlamaq üçün həbsxana kimi istifadə olunmuşdu. Şəhərin düz mərkəzində, əsas hadisələrin baş verdiyi hissədə yerləşən Erməni Apostol kilsəsinə də heç nə olmamış, hətta oradan erməni yaraqlıları silah anbarı kimi istifadə etmişdilər.

1918-ci ilin mart-sentyabr ayları ərzində Bakı ətrafı – Digah, Məhəmmədli, Əhmədli, Balaxanı, Hökməli, Binəqədi, Zabrat, Sabunçu, Ramana, Bibi heybət, Xırdalan kəndləri də soyqırımı və talanlara məruz qalmış, bu kəndlərdə müsəlman əhali öldürülmüş, qarət olunmuş, evlər, dükanlar, məscidlər və digər ictimai binalar dağıdılmış və yandırılmışdı.

Bakının müsəlman əhalisinə divan tutduqdan sonra erməni-bolşevik qüvvələri Azərbaycanın qədim şəhəri Şamaxıya hücum edərək şəhərin və ətraf kəndlərin azərbaycanlı sakinlərini də qətlə yetirmişdilər. Erməni vandalları Şamaxı şəhərini tamamilə yandırmış, şəhərdəki 13 məscidi, o cümlədən Qafqazda ən qədim məscid hesab olunan Şamaxı Cümə məscidini topla dağıtmışdılar. Şamaxı zorakılıqlarının şahidi olmuş, ermənilərin təqiblərindən yaxa qurtarmaq üçün şəhəri tərk etməyə məcbur olmuş və yalnız Qafqaz İslam ordusu tərəfindən Şamaxı azad edildikdən sonra şəhərə qayıtmış “Hacı Qasım” məscidinin mollası Hacı Şıxhəbib axund öz ifadəsində göstərirdi ki, həmin hadisələr zamanı mən bütün məscidləri və müqəddəs yerləri yandırılmış halda gördüm, onların ancaq külləri və xarabalıqları qalmışdı, bütün məscidlərdə Quran kitabları da yandırılmışdı. Müsəlmanların ən müqəddəs məbədi – “Cümə məscidi də yandırılmış və dağıdılmışdı. Bütün Qafqazda ilk məscid hesab edilən Şamaxı Cümə məscidi müsəlmanlar üçün təkcə müqəddəs ocaq, ibadət yeri deyildi, o həm də İslam tarixinin qiymətli abidəsi idi. 800 il bundan əvvəl tikilmiş bu məscid öz tarixi ərzində bir neçə zəlzələyə tab gətirmişdi. Cümə məscidindən başqa “Hacı Qasım” məscidi, “Qala bazar” məhəlləsində üç məscid, “Şıxminas” məhəlləsində iki, “Yuxarı qala”, “İmamlı”, “Şapurlu”, “Talış”, “Meydanlı”, “Ərdəbilli”, “Axçı” məhəllələrində bir məscid ermənilər tərəfindən yandırılmışdı. Məscidlərdən başqa ermənilər “İmamzadə” pirini, “Yuxarı qala” məhəlləsindəki məscidlərin yanındakı pirləri də yandırmış və dağıtmışdılar. Bu məhəllənin məscidlərinin birində ermənilər yerli ermənilərin belə hörmət etdiyi axund Cəfərqulunu vəhşicəsinə öldürmüşdülər. Ermənilər isə bütün uşaq və qadınları xəncərdən keçirdikdən sonra onu təhqir edərək öldürmüşdülər[v]. Onun sözlərini Nəsrulla Hacı Sultan oğlu da öz ifadələrində təsdiq etmişdir[vi]. Çox qəribədir ki, erməniləri bu vəhşiliklərə, o cümlədən dini ocaqların yandırılmasına təhrik edənlər arasında erməni kilsəsinin xadimləri, o cümlədən yepiskop Baqrat da var idi.[vii] S.Lalayevin başçılığı altında Bakıdan gəlmiş ermənilər yerli ermənilərlə birgə əsir götürdükləri müsəlmanları “İmamzadə”, “Cümə məscid”, “Qala bazar”, “Sarıtorpaq”, “Hacıməmməd Rza” məscidlərinə toplamış, qadın və uşaqları məscidlərin içində, kişiləri isə həyətində öldürmüşdülər[viii].

AC FTK-nın üzvü Novatcki Şamaxı şəhərinə dəymiş ziyanı müəyyənləşdirmək üçün şəhərə baxış keçirmişdi. O ermənilərin qarətlərindən sonra şəhəri belə təsvir edirdi: Şamaxı şəhəri iki hissəyə ayrılır: yuxarı (erməni-rus) və aşağı (müsəlman) hissələr. Şəhərin yuxarı hissəsində yerləşən erməni kilsəsində və hərbi kilsədə heç bir yanğın və qarət əlaməti görünmür. “Sarıtorpaq” məhəlləsinin ən hündür yerindən şəhərin aşağı – müsəlman hissəsi tam görünür. Bu ərazidə bir dənə də salamat qalmış bina yoxdur, ətraf ancaq xarabalıqlardan ibarətdir. Xarabalıqların demək olar ki, tən ortasında böyük bir binanın yanmış daş divarları yüksəlir. Bu yanmış divarlar və yanğından dağılmış minarələr Cümə məscidinindir. Bir sözlə, şəhərin  bütün müsəlman hissəsi yanğının izlərini özündə daşıyan böyük bir viranəliyi və ya bir böyük küllüyü xatırladır[ix].

Şəhərin 21 min əhalisindən müxtəlif məlumatlara görə 8-10 mini həlak olmuş, bütövlükdə şəhərə 1 mld. rubl maddi ziyan vurulmuşdu. Şəhəri dağıtdıqdan sonra erməni vəhşiləri qəzanın 110 kəndini də yandıraraq qarət etmiş, heç də tam olmayan məlumatlara görə 4365-ü qadın və uşaq olmaqla 10.270 nəfəri qətlə yetirmişlər. Bu hadisələr nəticəsində qəzanın müsəlman əhalisinə bütövlükdə 607.167.420 rubl ziyan vurulmuşdu[x].

Lakin ermənilərin törətdikləri bütün qeyri-insani hərəkətlərə baxmayaraq şəhərə qayıdan azərbaycanlılar onların kilsələrinə toxunmadılar. Bununla bağlı sonralar “Azərbaycan” qəzeti yazırdı: “Məbədləri böylə təhqir və xarab edilmiş türk və müsəlmanlar sonradan şəhəri isterdad edərkən erməni və rus kəlisalarına məqabelə balməsl etməmişlər. O kəlisalara heç bir toxunulmadan öyləcə salamat qalmışlardır[xi]. 1918-ci ilim mart hadisələrindən bir ildən artıq keçsə də Şamaxıda vəziyyət yenə də ağır olaraq qalırdı. Bunu Azərbaycan parlamentinin “M.Q.” imzalı üzvü «Азербайджан» qəzetinin 23 iyul 1919-cu il tarixli nömrəsində getmiş “Bir vaxtlar çiçəklənən, indi isə unudulmuş Şirvan” sərlövhəli qeydlərində də etiraf edirdi. Müəllif yazırdı ki, Şamaxıya gələn hər kəs abad küçələrin yerində kül və daş topası, çoxmərtəbəli evlərin yerində üzərində bayquşlar ulayan xarabalıqlar və külə dönmüş divarlar görür. Şəhərdə olan 16 məsciddən heç biri salamat qalmamışdır. Şamaxının fəxri olan möhtəşəm Cümə məscid bünövrəsinə qədər yandırılmışdır. Yalnız rus və erməni kilsələri salamat qalmışdır. Sual olunur, bu müqəddəs ocaqlar, tanrı məbədləri hansı günah etmişlər? Şamaxıya gələnin gördüklərini təfsilatı ilə təsvir etmək üçün istedadlı rəssam olmalısan ki, bu mənzərəni uyğun tonlarda və rənglərdə verə biləsən. Nə vaxtsa çiçəklənən, şanlı Şirvandan yalnız xatirələr və çoxəsrlik əmək sayəsində yaradılmış, lakin amansızcasına, varvarcasına məhv edilmiş sərvətlərin izi qalıbdır[xii]

Qəzanın müsəlman kəndlərində də dəhşətli vəziyyət hökm sürüdü. Müsəlmanların və molokanların birgə yaşadıqları Mərəzə kəndinin müsəlman hissəsi tamamilə dağıdılmış, sakinlər molokan hissəsinin salamat qalmış evlərində sığınacaq tapmışdılar. 

Şamaxı qəzasını ələ keçirdikdən sonra daşnak və bolşevik dəstələri Göyçay qəzasına doğru hərəkət etmiş, burada da kütləvi vəhşiliklər həyata keçirmişlər.. Təkcə Ərəb-Mehdibəy kəndində 83 nəfər (78 kişi, 4 qadın, 1 uşaq) qətlə yetirilmiş, 84 mülk darmadağın edilmiş və yandırılmışdı.

Şamaxı qəzasından sonra erməni vəhşiliklərinin növbəti qurbanı Quba şəhəri və eyni adlı qəzanın kəndləri oldu. 1918-ci ilin aprel-may ayları ərzində daşnak Hamazaspın üç minlik cəza dəstəsinin burada həyata keçirdiyi soyqırımı əməliyyatı nəticəsində Quba şəhərinin və ətraf 167 kəndin əhalisi qətl və zorakılıqlara məruz qaldı. Ermənilər burada da Azərbaycan xalqının tarixi-dini abidələrin təhqir edərək yandırmışdılar. Qubalılar şəhər məscidinin ermənilər tərəfindən yandırılmasının qarşısını alsalar da, qəzanın ermənilərin girdiyi demək olar ki, bütün kəndlərdəki məscidlər yandırılmış və talan edilmişdi. Kəndlərdə sakinlərin şəxsi əmlakı ilə yanaşı məscidlərin də ermənilər tərəfindən yandırılması və dağıdılması bu hadisələrdə ziyan çəkmiş şahidlərin ifadələrində öz əksini tapmışdır. Ermənilər təkcə məscid binalarını yandırmaqla kifayətlənmir, oradakı Quran nüsxələrini, İslam dininə dair digər kitabları qılıncları ilə deşir, sonra isə alovun içinə atırdılar. Ermənilər qadına, uşağa, qocaya baxmayaraq qarşılarına çıxan hər kəsi güllələyirdilər. Quba qəzasının Nügədi, Digah, Alpan, Sağlıcan, Əlixanlı, Eynibulaq, Susay, Quyubulaq, Dəvəçi (bu kənddə 4 məscid), Ərəbxamiə, Gülümlər, Qibləqırız, Qaraqurdlu, Naracan, Siyəzən kəndləri xüsusi qəddarlıqla dağıdılmış, onların bəziləri hətta iki dəfə (ermənilər Quba qəzasına hücum edərkən və Bakıya geri qayıdarkən) dağıdılmışdı[xiii]. Quba şəhər məscidinın yandırılmasının qarşısı alınsa da, şəhərdəki bütün ictimai binalar, məktəb binaları ermənilər tərəfindən dağıdılmış, şəhərə və qəzaya külli miqdarda ziyan vurulmuşdu. Ermənilərin Quba şəhərinə və qəzasına hücumu nəticəsində 4 mindən çox dinc sakin qətl edilmiş, 600 nəfərə yaxın yaralanmışdı[xiv].

Bakı quberniyasının Lənkəran, Cavad qəzalarını nəzarətə almaq üçün Bakı Sovetinin əsasən ermənilərdən ibarət silahlı dəstələrinin bu qəzalarda həyata keçirdiyi cəza əməliyyatları da yüzlərlə müsəlmanın öldürülməsi, onların tarixi, dini abidələrinin məhv edilməsi ilə müşayiət olunmuşdu. Bolşevik bayrağı ilə pərdələnən daşnak silahlı birləşmələri Cavad qəzasının onlarla kəndinə silahlı basqınlar etmiş, müsəlman əhalisini soyqırımına məruz qoymuş, məscidləri, ictimai binaları, evləri dağıtmış və yandırmışlar. 500 nəfər əhalisi olan Ərəb-Şahverdi kəndində 37 nəfər öldürülmüş, 44 ev və 1 məscid yandırılmışdır. FTK-nın sənədlərinə görə, Cavad qəzasında daşnak-bolşevik qüvvələri tərəfindən 30-dan çox kənd soyqırımına məruz qoyulmuş, dağıdılmış və yandırılmış, 157 nəfər xüsusi amansızlıqla qətlə yetirilmişdir. 

1918-ci il soyqırımları zamanı Lənkəran qəzasında 40-dan çox kənd yandırılmış və dağıdılmış, yüzlərlə günahsız insan qətlə yetirilmişdi. Lənkəran qəzasının Sütəmurdov, Gərmətük, Girdəni, Veravul, Vilvan, Kərgəlan, Şıxəkəran, Mamusta və digər kəndləri ermənilərin törətdiyi soyqırımlardan ən çox ziyan çəkən kəndlər olmuşdur. Dağıntıların miqdarına görə Lənkəranı hətta “ikinci Şirvan” (Şamaxı) adlandırırdılar. Azərbaycan parlamentinin 8 yanvar 1919-cu il tarixli iclasında Lənkəran qəzasında vəziyyət müzakirə edilərkən Lənkəranda xaraba və payimal olmayan bir evin mövcud olmadığını, şəhərdəki erməni, rus, cühudların isə evlərinin salamat olduğu diqqətə çatdırılmış, müsəlmanlara qarşı kütləvi qarət və özbaşınalıqları əks etdirən çox sayda faktlar dilə gətirilmişdi. Salyan qəzasından İran sərhədinə qədər bütün müsəlman kəndləri dağıdılmışdı[xv].Lənkəran qəzasında müsəlmanlara divan tutulmasında Bakıdan gəlmiş ermənilərin xüsusi rol oynadıqlarını müasir rus müəllifləri T. Yermolenko və O. Morozova da etiraf edirlər[xvi].

Beləliklə, 1918-ci ilin mart-aprel ayları ərzində Bakı şəhərində və quberniyasında azərbaycanlı əhalinin soyqırımın həyata keçirmiş erməni-bolşevik dəstələri Bakı quberniyasının Bakı, Şamaxı, Lənkəran, Quba, Cavad qəzalarını və Dağıstan vilayətinin xeyli hissəsini ələ keçirərək bu bölgələrin müsəlman əhalisini kütləvi soyqırımına məruz qoydular. Ələ keçirdikləri ərazilərdə ermənilər tərəfindən yüzlərlə məscid, pir və digər ibadət yerləri dağıdılmış, müsəlmanların mili və dini hissləri təhqir edilmişdi.

Bu cinayətlər erməni siyasi dairələrinin bolşevizm bayrağı altında gizlənərək öz mənfur niyyətlərini gerçəkləşdirmək planlarının tərkib hissəsi idi. Bakı quberniyasında öz məqsədlərinə nail olan bolşevik-daşnak qüvvələri Azərbaycan milli hərəkatını məhv etmək, bütün Cənubi Qafqazda hаkimiyyəti ələ keçirmək planı hazırlamış və həyata keçirməyə başlamışlar. Nəticədə Bakı quberniyasından başqa digər bölgələrin müsəlman əhalisi də erməni silahlı dəstələrinin vəhşiliklərinə məruz qalmışdı. 

İstifadə olunmuş ədəbiyyat:

[i]Март 1918 г. Баку. Азербайджанские погромы в документах (Составитель:С.Рустамова-Тогиди), Баку, 2009, c.75, 80 (PDF variant)

[ii]Yenə orada, c.81-82

[iii]Yenə orada, c. 85

[iv] ARDA f. 894, siy. 10, iş 148, v. 30

[v] Шемаха. Март-июль 1918 г. Азербайджанские погромы в документах. T.I, Город Шемаха (Составитель С. Рустамова-Тогиди). Баку, 2013, с. 312-313 (PDF variant)

[vi]Yenə orada, s. 350-351

[vii]Yenə orada, c.315

[viii]Yenə orada, c. 409

[ix]Yenə orda, c. 479-480

[x] Yenə orada, c. 871

[xi] Azərbaycan, 1919, 28 təşrini-əvvəl

[xii]Азербайджан, 1919, 23 июля.

[xiii]Куба. Апрель-май 1918 г.Мусульманскиепогромы в документах. Составитель:С.Рустамова-Тогиди, Баку, 2010 (PDF variant).

[xiv]ARDA, f. 1061, iş. 95, 96, 97, 98; Куба. Апрель-май 1918 г.Мусульманскиепогромы в документах, c.485-486 (PDF variant).

[xv]Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenorqafik hesabatlar). I cild. Bakı: “Azərbaycan” nəşriyyatı, 1998, s.162-164

[xvi]Ермоленко Т. Ф., Морозова О. М. Погоны и буденовки: Гражданская война глазами белых офицеров и красноармейцев, Москва: Российский гуманитарный научный фонд, 2013, c.177

Kamran İsmayılov
Tarix üzrə fəlsəfə doktoru, dosent

Alı Balayev 
Tarix üzrə fəlsəfə doktoru, dosent

Yazı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Savalan Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən “Tarixi mədəniyyət abidələrimizə qarşı erməni terrorunun coğrafiyası” layihəsi çərçivəsində çap olunur.


Oxunma sayı: 78167

Oxşar yazılar