Müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə göstərən namizədi siz də tanıyın - FOTO

  • 16:20 - 15 Avqust

Ötən gün müəllimlərin işə qəbulu imtahanlarına start verilib. İmtahanların ilk günündə fizika və fransız dili müəllimi olmaq istəyən namizədlər iştirak edib. İmtahanlar zamanı fizika üzrə yeddi nəfərin topladığı bal 50-ni keçib.  

İmtahanda 60 baldan 56 bal toplayan Rəşidə Səfərova Oxu.Az-a bildirib ki, əvvəllər pedaqoji təhsili olmadığı üçün müəllimlərin işə qəbulu imtahanlarında iştirak edə bilməyib:  

“2013-cü ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirirmişəm. Pedaqoji təhsilim olmadığı üçün indiyə kimi müəllimlərin işə qəbulu imtahanında iştirak etməmişəm. Nəhayət, Azərbaycan Dövlət Pedaqoji Universitetində Yenidən hazırlanma və İnnovasiyalar Şöbəsində ikinci dəfə pedaqoji təhsil aldım. Altı il sonra ilk dəfə müsabiqədə iştirak etmişəm”.  



Onun sözlərinə görə, imtahana cəmi dörd ay hazırlaşıb.  

Qeyd edək ki, müəllimlərin işə qəbulu imtahanları ümumilikdə təxminən 18 gün davam edəcək. 

Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla, ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub. 

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim ediləcək. İmtahan keçiriləcək bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı yaradılacaq. 

Müsabiqədə iştirak etmək üçün 53 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib. Elektron ərizələr yoxlanıldıqdan sonra 46 252 namizədin ərizəsi qəbul edilib. Müsabiqənin test mərhələsində 46 228 namizəd iştirak hüququ qazanıb. 

 


Oxunma sayı: 6062

Oxşar yazılar