Anar Kərimov Xalq artisti Afaq Bəşirqızını təbrik etdi

  • 12:17 - 15 Avqust

Bu gün Azərbaycan Respublikasının Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Afaq Bəşirqızının 65 yaşı tamam olur.

Avropa.info xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Anar Kərimov yubilyara dərin hörmət və ehtiramını ifadə edən təbrik məktubu göndərib.

Məktubda deyilir: "Hörmətli Afaq xanım, Milli teatr və kino sənətimizin inkişafindakı xidmətlərinizi yüksək qiymətləndirərək, həyatınızın əlamətdar və yaddaqalan hadisələrindən biri – doğum gününüz münasibətilə Sizi Mədəniyyət Nazirliyinin kollektivi və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, şərəfli işinizdə yeni yaradıcılıq uğurları arzulayıram. Siz öz peşənizə, Azərbaycan teatr sənətinin zəngin ənənələrinə, milli-mənəvi dəyərlərimizə sadiq bir aktrisa, həm yaradıcılığı, həm də şəxsiyyəti ilə gənc nəslə örnək olan dəyərli sənətkarlarımızdan birisiniz.

İstər teatr səhnəsində, istər kinoda yaratdığınız bir-birindən gözəl obrazlarınız Sizə böyük tamaşaçı sevgisi qazandırmışdır.

Sizin Azərbaycan səhnə sənətinə verdiyiniz töhfələr dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Ən mötəbər adlara, ordenlərə layiq görülməyiniz Sizə, yaradıcılığınıza olan diqqət və qayğının bariz göstəricisidir.

Daim dövlətin Sizə göstərdiyi bu etimadı doğruldur, zəngin köklərə malik Azərbaycan teatrını, milli-mənəvi dəyərlərimizi yaşadır, onları gələcək nəsillərə sağlam şəkildə ötürərək mənəvi borcunuzu yerinə yetirirsiniz.

Əminik ki, bundan sonra da qazandığınız bilik və təcrübənizi Azərbaycan teatrına sərf edəcək, milli mədəniyyətimizin inkişafı üçün öz dəyərli xidmətlərinizi əsirgəməyəcəksiniz".


Oxunma sayı: 6337

Oxşar yazılar