DİM-dən imtahan verəcək abituriyentlərə müraciət

  • 13:11 - 12 Avqust

Dövlət İmtahan Nərkəzi avqustun 13 və ya 14-də keçiriləcək imtahanlarda iştirak edəcək abituriyentlərə müraciət edib.

DİM-dən Avropa.info-ya verilən məlumata görə, müraciətdə qeyd edilib ki, avqustun 13-14-də bu və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları, I və IV ixtisas qrupları üzrə ali təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçiriləcək.

Abituriyentlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

Avqustun 12-si saat 11:45-ə olan məlumata əsasən 2800-ə yaxın abituriyent “İmtahana buraxılış vərəqəsi”ni çap etməyib.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahan keçiriləcək yer (bina), imtahanın başlanma saatı, abituriyentin imtahan binasında olma vaxtı və s. zəruri məlumatlar göstərilir.

İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.

“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytında “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və abituriyentin özü tərəfindən imzalanır.


Oxunma sayı: 4940

Oxşar yazılar